“AGBank” bu ilin ilk 9 ayını 1,7 mln. manat xalis zərərlə başa vurub

“AGBank” bu ilin ilk 9 ayını 1,7 mln. manat xalis zərərlə başa vurub Bakı. 13 oktyabr. REPORT.AZ/
Maliyyə
13 Oktyabr , 2017 16:17
“AGBank” bu ilin ilk 9 ayını 1,7 mln. manat xalis zərərlə başa vurub

Bakı. 13 oktyabr. REPORT.AZ/ “AGBank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 510,545 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.

“AGBank”ın aktivlərinin 55,5%-ni və yaxud 283,295 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 4% azdır. Bu müddətdə “AGBank”ın vaxtı keçmiş kreditləri isə 23,8% artaraq 146,531 mln. manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 40,1%-dən 51,7%-ə yüksəlib.

Hesabat dövründə “AGBank”ın cəmi öhdəlikləri 4,2% artaraq 458,353 mln. manat, o cümlədən depozit portfeli 2,6% artaraq 216,253 mln. manat təşkil edib. Bunun 163,943 mln. manatı fiziki şəxslərin, 52,41 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin əmanətləri 12,5% artıb, şirkətlərin vəsaitləri isə 19,6% azalıb. Bank Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini isə 11,1% azalaraq 40 mln. manata endirib.

Oktyabrın-nə kredit təşkilatının cəmi kapitalı isə 52,191 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 21,9% azdır.

9 ay ərzində “AGBank”ın faiz gəlirləri 17,832 mln. manat (1 il əvvələ nisbətən 43,4% az), faiz xərcləri 17,015 mln. manat (1,9% az), qeyri-faiz gəlirləri 22,01 mln. manat (11,3% az), qeyri-faiz xərcləri isə 22,357 mln. manat (42,6% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 530 min manat olub, halbuki, ötən ilin eyni dövründə 18 min manat xalis əməliyyat mənfəəti əldə etmişdi.

Bu il “AGBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 21,65 dəfə və yaxud 95,4% az – 1,04 mln. manat ayırıb, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən isə 130 min manat xərcə düşüb. Bununla da, Bank bu ilin ilk 9 ayını 1,699 mln. manat xalis zərərlə başa vurub. Bu, 1 il əvvələ nisbətən 13,3 dəfə və yaxud 92,5% azdır.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova (Müşahidə Şurasının üzvü), 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, Müşahidə Şurasının üzvü), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur. 

Son xəbərlər

Orphus sistemi