Yuxarı

​ADB bu il Azərbaycana yeni kredit ayıra bilər - MÜSAHİBƏ

Olli Noroyono: ADB-nin Azərbaycandakı banklarda pay almaq planı yoxdur

Bakı. 8 iyun. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyononun "Report" İnformasiya Agentliyinə müsahibəsi:


- Ötən ay Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında çoxtranşlı kreditin (750 mln. dollar) ayrılmasına dair niyyət protokolu imzalanıb. Kreditin hansı şərtlərlə verilməsi nəzərdə tutulub?

- "Azərişıq" ASC-yə gələcəkdə kreditin ayrılması məqsədi ilə imzalanan bu sənəd hüququ saziş deyil, sadəcə olaraq bir anlaşma memorandumudur. Bu sənəd çərçivəsində ADB ilə Azərbaycan arasında anlaşma əldə olunub ki, layihəni birlikdə işləməyə başlasınlar. Bu sənəd ADB-nin daxili araşdırmasından sonra təsdiq olunmalı, eyni zamanda, hökumət də bu sənədi təsdiq etməlidir.

Şərtlərə gəldikdə, memorandumda konkret şərtlər göstərilməyib. Sadəcə olaraq memorandum imzalandıqdan kredit sazişi olacaq müddətədək Bankla hökumət bu şərtləri razılaşdırmalıdır. Hazırda bu layihə üzrə işlər gedir. Ehtimallarımıza görə, layihəni bu il ərzində ADB-nin Direktorlar Şurasının baxılmasına təqdim edəcəyik.

- Bu il ərzində ADB-nin Azərbaycanda hər hansı kommersiya bankı ilə yeni kredit sazişinin imzalanması gözlənilirmi? ADB Azərbaycanda konsolidasiya nəticəsində yarana biləcək yaxud hazırda mövcud olan hər hansı bankın kapitalında strateji investor qismində iştirak edə bilərmi?

- Bu il hər hansı bankla kredit sazişinin imzalanması gözlənilmir. Artıq iki bankla kredit sazişi imzalamışıq. Amma ADB banklarla işləməyə davam edəcək, xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yerli banklarla dialoqu davam etdiririk.

ADB indiyədək sırf kredit dəstəyi layihələrini həyata keçirib. Biz kredit təqdim etməkdən əlavə ticarətin maliyyələşdirilməsi istiqamətində banklarla işləyir, onlara dəstək oluruq. Azərbaycanda hər hansı bir bankda səhmdar olaraq iştirakla bağlı təcrübəmiz və planımız yoxdur.

- Azərbaycanda kapital bazarının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən layihə üzrə təklifləriniz varmı? Bununla yanaşı, ADB-nin manatla istiqraz buraxmaq planları haqqında məlumat almaq istərdik. Bu hansı müddətdə və hansı həcmdə həyata keçirilə bilər?

- Hələ ki, elə bir təklif yoxdur. Yeganə təklifimiz manatla istiqrazların buraxılması ilə bağlı olub ki, bu da hazırda ilkin mərhələdədir - məsələ xəzinədarlıq səviyyəsində müzakirə olunub. Bu istiqrazlar daxili bazar üçün nəzərdə tutulub. Bu, Azərbaycanın fond bazarında emitent kimi ilk təcrübəmiz olacaq. Bildirim ki, Gürcüstanda laridə artıq bir analoji emissiya həyata keçirilib.

Bununla yanaşı, bizim üçün yerli kapital bazarının detallı öyrənilməsi vacibdir. Bu yaxınlarda Bakıda olan mütəxəssislərimiz Mərkəzi Bankla görüşə bilməyib, lakin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyi ilə görüşlər keçirilib.

Bu məsələ çox erkən bir mərhələdədir və konkret bir qərar hələ verilməyib. Müzakirələrdən sonra potensial imkanlar nəzərə alınmaqla yekun qərarın verilməsi mümkün olacaq. Bununla bağlı hətta konkret bir qrafik də danışılmayıb, sadəcə ilkin müzakirələr aparılır.

Əsasən çalışırıq ki, üzv ölkələlərin ehtiyaclarını təmin edək. Biz heç vaxt üzv ölkələrdə öz maraqlarımızı məcburi qaydada icra etdirmirik. Hökumətin hansısa bir müraciəti olduqda, həmin layihələrə baxırıq. Lakin, məsələn, Azərbaycan hökuməti hər hansı bir sahədə ADB-nin iştirakını arzulayırsa, çalışırıq ki, o sahədə olan tələbatı ən yaxşı təcrübə, ən yaxşı qazanılmış biliklərlə təmin edək. Hazırda bizə olan müraciətlər əsasən infrastruktur layihələri ilə bağlı olur. Digər sahələrdə də müraciətlər olduğu təqdirdə çalışacağıq ki, Azərbaycan hökumətinin ehtiyacını qarşılayaq.

- Devalvasiyadan sonra Azərbaycanda bankların çoxu kreditləşməni məhdudlaşdırıb. Belə bir halda banklara hansısa monetar siyasətlə bağlı təklifləriniz olurmu? Yaxud, Mərkəzi Banka məsləhət xarakterli müraciət edilibmi?

- Bizim Mərkəzi Bankla birgə işimiz yalnız mikromaliyyə sektorunun inkişafı ilə bağlı olan layihədir və hazırda bu istiqamətdə əməkdaşlığı davam etdiririk. Lakin Nümayəndəliyin daxilində, həmçinin, mərkəzi ofisdə bu məsələyə diqqət yetiririk, çünki banklarla əməliyyatlara bu amilin müəyyən təsiri ola bilər. Hazırda baş mütəxəssislər, özəl sektor, xüsusilə də banklarla işləyənlər bu məsələni ciddi izləyir.

- Azərbaycanda devalvasiyadan sonra banklara bundan öncə xarici valyutada verilmiş kreditlərin ödənilməsində müəyyən problemlərin yaranacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Öz növbəsində, ADB-nin ayırdığı kreditlər də valyutada olub. Bununla bağlı tərəfinizdən tədqiqatlar aparılırmı?

- Ötən ilin əvvəlindən sonuna kimi iki bankla bağlı tədqiqatlar aparmışıq. Bu səbəbdən 2015-ci ilin fevralında baş verən manatın devalvasiyası yekun hesabatda əksini tapmayıb. Ancaq bundan sonrakı yeni layihələrdə bu məsələyə ciddi baxacağıq.

Hökumətin bu istiqamətdə, xüsusən də büdcə xərclərinin azaldılması, habelə iqtisadi artımın dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün nəzərdə tutduğu tədbirləri müsbət qiymətləndiririk. Biz bunun mümkünlüyünü yalnız özəl sektorun inkişafında görürük. Məsələn, Qazaxıstanda özəl sektora subsidiyalar artırılıb, əvvəllər kofedən ciddi şəkildə asılı olan Braziliya sonradan özəl sektoru inkişaf etdirməklə mühüm nailiyyətlərə nail olub.

Əgər ölkədə özəl sektor yoxdur və ya çox zəif inkişaf edibsə, orada inkişaf üçün artıq dövlətin müdaxiləsi vacibdir. Lakin bu o demək deyil ki, dövlət hansısa bir işi öz üzərinə götürməlidir. Sadəcə, elə bir mühit yaratmalıdır ki, özəl sektor inkişaf etsin, yəni, dəstək verməlidir.

- Sizcə, fevraldaki 34%-lik devalvasiya Azərbaycan iqtisadiyyatı üçün yetərlidir, yoxsa biz də Rusiya kimi milli valyutanın məzənnəsini sərbəst buraxmalıyıq?

- Bizim fikrimizcə, məzənnəni bazarın tənzimlənməsinə sərbəst buraxmaq olardı. Çünki bu, ilk devalvasiya idi və sonra, sözsüz ki, daha bir devalvasiya ola bilər. Bu isə bir problemin iki dəfə yaşanması deməkdir. Ancaq vəziyyəti bazara həvalə edəndə, şok bir dəfə yaşanır və bir müddət sonra iqtisadi inkişafa nail olunur. Lakin bu məsələnin başqa tərəfi də var - Azərbaycanın maliyyə sektorunun bu təzyiqə hazır olması məsələsi çox önəmlidir. Məzənnənin birdən-birə sərbəst buraxılması fərqli bir nəticələrə səbəb ola bilərdi. Bəzən maliyyə sektoru bu şokun təsirindən 1-3 ilə özünə gəlir, bəzən isə bərpa prosesi 7-8 il davam edir.

Türkiyənin özündə bu proses bir neçə dəfə yaşanıb - 2004, 2008, 2012-ci illərdə. Hər dəfə də bir neçə bank bazardan çıxıb. Buna görə də, nəzərə alınmalı olan məsələ bank sektorunun belə təsirlərə hazırlıqlı olmasıdır. Əgər Mərkəzi Bank belə qərar veribsə, deməli, bu daha önəmli olub. Güman edir ki, doğru qərar verilib. Lakin hər bir halda isrtənilən qərarın sonrakı çətinlikləri var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi