Yuxarı

​ABŞ iqtisadiyyatı resessiya təhlükəsi ilə üzləşib

ABŞ-da əmək məhsuldarlığının 0,2% azalması gözlənilir

Bakı. 7 iyun. RERORT.AZ/ ABŞ iqtisadiyyatının inkişafı yavaşlama mərhələsinə daxil olub və ölkənin fond birjalarının kəskin azalması milli və qlobal iqtisadiyyatı tənəzzülə apara bilər. 

"Report"un "The Financial Times"a istinadən verdiyi xəbərə görə, bunu "Zero Hedge" maliyyə portalının analitiki Maykl Snayder (Michael Snyder) bildirib.

Analitiklər ABŞ-ın son iqtisadi statistika əsasında qeyd edirlər ki, ölkənin iqtisadi inkişaf tempi 2016-2017-ci illərdə proqnozlardan aşağı olacaq. Keçən həftə açıqlanan iş yerlərinin sayının gözlənilən 160 min əvəzində 38 min olması ABŞ iqtisadiyyatının perspektivlərini neqativ istiqamətə çevirib. Həmçinin bu, 2010-cu ildən etibarən ən aşağı göstərici olub. ABŞ statistikası ölkədə "full time" iş yerləri axtaran amerikalıların sayının artdığını göstərir. Belə ki, mayda qismən çalışanların sayı aprel ayı ilə müqayisədə 7% artaraq 6,4 mln. nəfərə yüksəlib.

Analitiklər ABŞ-ın əmək bazarında baş verən neqativ situasiyanı qısamüddətli olacağına inanır və əsas problemin ABŞ iqtisadiyyatı üçün əmək məhsuldarlığı göstəricisinin yaxın zamanlarda son 30 ildə ilk dəfə azalma ehtimalı olduğu bildirilir. "Financial Times" qəzeti "Conference Board" araşdırma şirkətinin analitiklərinin hesabatına istinadən xəbər verir ki, əmək məhsuldarlığı 2016-cı il yekununda 0,2% azala bilər. Xatırladaq ki, 2015-ci ildə bu göstərici 0,3% artım göstərib. "Conference Board"ın baş analitiki Bart van Arkın sözlərinə görə, müşahidəçilər keçən il məhsuldarlıq böhranına daxil olduğunu düşünürdülər: "Bu il haqlı olduğumuzu gördük".

ABŞ iqtisadiyyatının bu il OECD və "Fitch" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə 1,8% artması gözlənilir. Bu təşkilatların bundan əvvəlki proqnozları müvafiq olaarq 2% və 2,1% olub. Proqnozlar reallaşarsa, ABŞ iqtisadiyyatı 2011-ci ildən etibarən ilk dəfə 2%-dən az artım göstərəcək. ABŞ iqtisadiyyatının zəifləməsinin əsas səbəblərindən biri də neft-qaz qiymətlərinin azalması nəticəsində sektordakı şirkətlərin investisiyalarının azaltması və işçiləri ixtisar etməsi göstərilir.

"Zero Hedge"in analitikləri hesab edirlər ki, digər əsas amil isə korporasiyaların satışı və gəlirlərinin ardıcıl bir neçə rüb azalması ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi