ABA-nın yaratdığı Maliyyə Savadlılığı Şurasının rəhbərliyi formalaşdırılıb

ABA-nın yaratdığı Maliyyə Savadlılığı Şurasının rəhbərliyi formalaşdırılıb Bununla bağlı qərar Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin iclasında qəbul edilib
Maliyyə
19 Aprel , 2017 13:36
ABA-nın yaratdığı Maliyyə Savadlılığı Şurasının rəhbərliyi formalaşdırılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin (RH) iclası keçirilib.

ABA-dan “Report”a verilən məlumata görə, iclasda qurumun yaratdığı Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və sədr müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupunun üzvləri təsdiq edilib.

Şuraya sədrliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Akşin Əmirov edəcək. Ona müavin kimi isə “Unibank” ASC-nin İH-nin sədr müavini, Bankın baş risk inzibatçısı Asəf Hüseynov təyin olunublar. RH bu qərarı Şuranın 13 aprel 2017-ci il tarixində keçirilən ilk iclası zamanı verilən təklifə əsaslanaraq qəbul edib.

Qeyd edək ki, iclasda ABA-nın nəzdindəki Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Assosiasiyanın icraçı direktoru Yunus Abdulov, Şura iştirakçısı olan bankların və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri iştirak ediblər.

MSŞ-nin əhəmiyyəti və bu yöndə mövcud olan beynəlxalq təşəbbüslər haqqında danışan C.Abdullayev Şuranın fəaliyyətinin maliyyə sektorunun inkişafına verəcəyi töhfələri iclas iştirakçılarının nəzərinə çatdırıb. Onun sözlərinə görə, MSŞ bu yöndə banklar, beynəlxalq təşkilatlar və digər qurumların həyata keçirdiyi tədbirlərin koordinasiyasını gücləndirəcək, eyni zamanda maliyyə savadlılığının yüksəldilməsi istiqamətində görülən işlərin effektivliyinin və səmərəliliyinin artırılmasını təmin edəcək.

İclas iştirakçıları müştərilərin maliyyə savadlılığının artırılmasının ilk növbədə banklar və digər maliyyə təşkilatları üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Banklar məsuliyyətli borclanma prinsiplərinin önəmini anlayaraq öz müştərilərini maliyyə savadlılığı alətləri və resursları ilə təmin etməyin bir çox risklərin qarşısını alacağına əmindirlər. Qeyd olunub ki, müştərilərin yığım və sağlam maliyyə vərdişlərinə yiyələnməsi onların stabil və uğurlu maliyyə planlamalarına gətirib çıxarır. Onların maliyyə məsələrinə aid düşünülmüş qərarlar verməsi bankların da işinin effektivliyi artırır.

Xatırladaq ki, MSŞ-də Azərbaycanın 19 kommersiya bankı təmsil olunur.

Son xəbərlər

Orphus sistemi