A​zərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiq olunub - YENİLƏNİB

A​zərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiq olunub - YENİLƏNİB Bununla əlaqədar əvvəlki qaydalar ləğv edilib
Maliyyə
8 Avqust , 2016 16:58
A​zərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiq olunub - YENİLƏNİB

İlk xəbər saat 15:16-da verilib

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları”nı ləğv edib. 

“Report” xəbər verir ki, bunun əvəzində yeni qaydalar təsdiqlənib.

AMB sədri Elman Rüstəmovun imzaladığı qərarla “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları” təsdiq edilib.

Hüquq Departamentinin rəhbəri Rəna Məlikovaya tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti “Milli ödəniş sisteminin modernizasiyası Layihəsi"nin icrasının başa çatdırılması ilə əlaqədar olaraq Azərbaycan ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan “Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi” və “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi”nin iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

***

Avqust ayından etibarən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemindən (XÖHKS) istifadə ilə bağlı texniki problem yarandıqda ödəniş tapşırıqları AMB-yə kağız daşıyıcıda təqdim ediləcək. Analoji qayda XÖHKS-lə yanaşı Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZİPS) üzrə də tətbiq olunub. Yeni qaydalarla bu tipli hesablaşmalarda AMB-nin Baş Mühasibatlıq Sistemi (BMS) ləğv edilib.

Ləğv edilən “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları”nda isə kağiz daşıyıcılarda hesablaşmalar yalnız AZİPS və vəsait alan bank AZİPS-in autsayderi olduqda BMS vasitəsi ilə həyata keçirilə bilərdi.

Bununla yanaşı yeni qaydalara fövqəladə hallar zamanı sistem əhəmiyyətli iştirakçıların fəaliyyətinin davamlılığının təşkil edilməsi ilə bağlı müddəalar da əlavə edilib.

Yeni müddəaya görə, Mərkəzi Bank tərəfindən hər növbəti ilin yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır.

Digər yeni müddəalar aşağıdakı kimidir:

- Fövqəladə hallar zamanı AZIPS və XÖHKS-də fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır.

- Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir.

- Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə 2 saatdan gec olmayaraq AZIPS və XÖHKS-də fəaliyyətin bərpa edilməsi nəzərdə tutulmalıdır.

Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi heyəti fövqəladə hal aradan qaldırılanadək fəaliyyətin davam etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir.

Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir.

Bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş əməliyyatların nəticəsi uğursuz olduqda, sistem əhəmiyyətli iştirakçı növbəti iki ay ərzində ehtiyat mərkəz vasitəsilə real vaxt rejimində əməliyyatların aparılmasını təmin etməlidir.

Sistem əhəmiyyətli iştirakçı bu Qaydaların 7.5-ci və 7.6-cı bəndlərində qeyd edilən fəaliyyəti həyata keçirməmişdən 5 iş günü əvvəl bu barədə Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı (Əlavə №1) 7 iş günündəAMB-yə yazılı formada təqdim etməlidir.

Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevralın 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı, soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat 5 iş günündə AMB-yə təqdim olunmalıdır.

Sistem əhəmiyyətli iştirakçı AZIPS və XÖHKS-də fəaliyyətinin dayanmasına səbəb olmuş halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 iş günü müddətində hadisənin təfsilatı, o cümlədən, baş verdiyi tarixi, onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir.

Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı hər il fevralın 25-dən gec olmayaraq AMB-yə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi