Mərkəzi Bankın baş direktoru: “Sığorta şirkətləri ödənişə xərc kimi baxmamalıdırlar”

Mərkəzi Bankın baş direktoru: “Sığorta şirkətləri ödənişə xərc kimi baxmamalıdırlar” İlk müsahibəni “Report” Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyev ilə hazırlayıb
Maliyyə
10 Fevral , 2021 17:07
Mərkəzi Bankın baş direktoru: “Sığorta şirkətləri ödənişə xərc kimi baxmamalıdırlar”
Ziya Əliyev

Xarici maliyyə şokları, eyni zamanda COVID-19 pandemiyası fonunda müxtəlif iqtisadi sahələrin mövcud vəziyyəti, inkişaf imkanları və bu istiqamətdə atılması zəruri olan addımlar prioritet müzakirə mövzusudur. Baş verən proseslərin xüsusilə sığorta bazarlarına təsiri, sektorun neqativ tendensiyalarından yayınma imkanları əsas istiqamətlərdəndir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın sığorta bazarı ilə bağlı 2020-ci ilin yanvar-dekabr aylarını əhatə edən icmal göstəriciləri açıqlandı. Ümumi yığımlar üzrə dinamikada artım qeydə alınıb. Belə olan təqdirdə bazarın növbəti mərhələdə inkişaf perspektivləri və prioritetlərin icra məsələləri maraq doğurur.

Sektoru maraqlandıran bu və digər məsələlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası “Sığortalı müsahib” layihəsinə start verib.

İlk müsahibəni “Report” Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyev ilə hazırlayıb.

- Ziya müəllim, 2019-cu ilin sonu Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankını bank və sığorta sektoru, eyni zamanda qiymətli kağızlar bazarlarına əsas nəzarətedici orqan olması ilə əlaqədar müvafiq sərəncam verib. Maraqlıdır, Azərbaycan Mərkəzi Bankı üçün o üst ali mərtəbədən baxdıqda sığorta bazarı necə, nə dərəcədə dinamik və hansı həcmdə görünür?

- Uzunmüddətli dövrdə, yəni ötən 10 və 15 ilin bazar dinamikasına nəzər salsaq görərik ki, bazar önəmli bir inkişaf mərhələsi keçib. Bu dövr ərzində sığorta bazarının həcmi bir neçə dəfə böyüyüb. Bildiyiniz kimi, 2011-ci ildə bir sıra icbari sığorta növləri tətbiq olundu ki, bu da bazarın genişlənməsində ciddi rol oynadı. Artıq ölkədə sığorta bazarı formalaşıb və iqtisadiyyat üçün önəmli bir həcmə malikdir deyə bilərik. Eyni zamanda bazar dinamik olaraq artım tendensiyasını davam etdirir. Lakin bu gün Azərbaycanda sığorta bazarının ümumi inkişaf səviyyəsini digər ölkələrlə, məsələn, MDB məkanı dövlətləri ilə müqayisə etdikdə görürük ki, sektorun bundan sonra da böyüməsi üçün böyük imkanlar var. Sadəcə o imkanları reallaşdırmaq lazımdır ki, yerli sığorta bazarı indikindən daha geniş funksiyaları həyata keçirə bilsin.

Bilirsiniz ki, sığorta bazarının inkişaf səviyyəsini ölçmək üçün bir neçə göstəricilər var. Bu göstəricilərdən biri sığorta bazarının penetrasiya səviyyəsidir. Bunu ölçmək üçün sığorta bazarının həcminin, yəni müəyyən il və ya hər hansı dövr ərzində yığılmış sığorta haqlarının Ümumi Daxili Məhsula nisbəti götürülür. Bu göstərici ilə məlum olur ki, məsələn, cəmiyyət qazandığı vəsaitin neçə faizin sığorta məhsullarının əldə edilməsinə sərf edir. Misal üçün qeyd edə bilərəm ki, inkişaf etmiş ölkələrdə insanlar qazandıqları hər 100 ABŞ dolların 7-10 ABŞ dollarını sığorta məhsullarının əldə edilməsinə sərf edir. Azərbaycanda isə bu göstərici hər 100 ABŞ dollarını 1 ABŞ dolları səviyyəsindədir ki, bu da əhəmiyyətli dərəcədə aşağı bir penetrasiya göstəricisidir. Biz hətta Azərbaycanı bizimlə eyni gəlir səviyyəsinə malik Asiya, Latın Amerikası, MDB ölkələri ilə də müqayisə etsək görərik ki, bu istiqamətdə bir qədər aşağı səviyyədəyik. Baxmayaraq ki, eyni gəlir səviyyəsinə sahibik, amma sığorta bazarının penetrasiya səviyyəsi aşağıdır. Bu da onu göstərir ki, biz hətta indiki gəlir səviyyəsində də bazarı ən az 2 dəfə böyüdə bilərik. Sadəcə olaraq, mövcud imkanları gerçəkləşdirmək lazımdır.

Hesab edirik ki, indiyə qədər görülən işlər, xüsusilə sığorta qanunvericiliyinin, hüquqi bazanın formalaşması sığorta bazarının stimullaşdırılmasına xidmət edib. Çünki bildiyiniz kimi bazarın səmərəli və effektiv fəaliyyət göstərməsi üçün zəruri olan istiqamətlərdən biri hüquqi bazadır. Bu baza yerli sığorta sisteminin fəaliyyəti üçün müəyyən dərəcədə formalaşıb. Eyni zamanda sığorta bazarının tənzimlənməsi istiqamətində müəyyən nüanslar da təkmilləşib.

Son 10-15 ildə cəmiyyətimizdə sığorta məhsulları ilə tanışlıq xeyli artıb. Məsələn, əvvəlki illərlə müqayisədə insanlar indi sığorta məhsulları haqqında daha çox məlumata sahibdirlər. İcbari sığorta növlərinə nəzər salaq. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə biz artıq 100 %-lik penetrasiyaya çatmışıq. Yəni ölkədəki hər bir avtomobil sahibinin bu növ sığortası mövcuddur. Bu da o deməkdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin hamısı sığortanın bu növü haqqında məlumatlıdır. Bu da irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilə bilər. Lakin, digər sığorta sinifləri üzrə inkişaf üçün böyük imkanlar var və bunları reallaşdırmalıyıq ki, sığorta bazarının penetrasiya səviyyəsini ən az 2 dəfə qaldıra bilək. Hazırda, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu birlikdə maarifləndirmə və təbliğat layihəsinin icrasına başlayıb. Düşünürük ki, genişmiqyaslı tədbirləri əhatə edən bu layihə çərçivəsində əhalinin və biznes subyektlərinin sığorta ilə bağlı məlumatlılığı xeyli artacaq, eyni zamanda onların sığortaya olan münasibəti müsbət istiqamətdə dəyişəcək.

- Hər bir ölkədə iqtisadiyyatın əsas lokomativi əsasən iki maliyyə institutu hesab olunur - bank və sığorta. Hətta bir çox ölkədə sığorta sektoru kapitallaşması və inkişaf sürətinə görə bank sektorunu geridə qoyur. Ölkəmizdə sığorta sektoru ilə bank sektorunun inkişafı arasındakı disbalansın başlıca səbəbləri nə ola bilər və bu balansın təmin edilməsi, maliyyə inklüzivliyinin təmin olunmasında sığorta sektorunun rolunun artırılması, sektorun ÜDM-dəki payının yüksəldilməsi məqsədi ilə sığortada gəlirliliyin, perspektivin artırılması istiqamətində sektor öz-özlüyündə hansı addımları atmalıdır?

- Bank sistemi ilə sığorta bazarının inkişaf səviyyəsində olan fərqlər bir sıra fundamental amillərlə bağlıdır. Bunun bir hissəsi obyektiv səbəblərdir, bir hissəsi də subyektiv nüanslardır. Bu iki sektorun inkişaf tempi ölkədəki adambaşına düşən gəlir səviyyəsindən bilavasitə asılıdır. Bildiyiniz kimi, adambaşına düşən gəlirlərin müəyyən səviyyəsində iqtisadiyyatda bank xidmətlərinə tələb daha çox olur, nəinki sığorta xidmətlərinə. Daha konkret desək, adam başına düşən gəlir səviyyəsi 5 000 ABŞ dolları olan ölkələrdə bank sisteminin məhsullarına olan tələbin həcmi sığorta məhsullarına olan tələbin həcmindən daha çoxdur. Əsasən bu səbəbdəndir ki, bank sektoru sığorta sektoruna nəzərən hazırda daha çox inkişaf edib. Biz eynilə gəlir səviyyəsi Azərbaycandan bir qədər yüksək olan ölkələrə baxsaq, orada bank sektorunun iqtisadiyyatda penetrasiyasının sığorta sektorundan dəfələrlə çox olduğunu görərik. Çexiyada, eləcə də Şərqi Avropa ölkələrində bank sektorunun həcmi sığorta sektorunu dəfələrlə üstələyir. Bu, obyektiv səbəblərdir.

Subyektiv səbəblərə gəldikdə isə, təbiidir ki, sığorta sektoru ilə bank sektoru arasında kifayət qədər fərq var. Sığorta sektorunun inkişafı üçün inam faktoru daha çox önəm kəsb edir. Çünki insanlar risklərini sığorta şirkətlərinə ötürürlər və qarşılığında da pul ödəyirlər ki, sığorta şirkətləri onların risklərini təminat altına alsın. Göründüyü kimi, sığorta bir qədər inama dayanan bir bazardır. Eyni zamanda məlumatlılığa, savadlılığa, risk mədəniyyətinə söykənən bir prosesdir. Ona görə də cəmiyyət inkişaf etdikcə, insanların məlumatlılığı, maliyyə savadlılığı və gəlir səviyyəsi də artdıqca sığorta xidmətlərinə tələb də artmağa başlayır.

Ümumilikdə isə maliyyə qurumlarının bazar gücü iki istiqamətdə formalaşır – bir onların malik olduğu maliyyə kapitalında, aktivlərində və onların keyfiyyətində, bir də onların uzun illər ərzində formalaşdırdıqları sosial kapitalda. Sığorta şirkətlərinin maliyyə gücü onların nə dərəcədə maliyyə kapitalına malik olması, aktivlərini nə dərəcədə doğru istiqamətlərdə yerləşdirməsindən asılıdır. Şirkətlərin kapitalının digər növü isə sosial kapitaldır. Yəni burada potensial sığortaolunanların sığorta şirkətlərinə olan inamı nəzərdə tutulur. Hesab edirəm ki, sosial kapitala da investisiya etmək lazımdır. Necə ki, sığorta şirkətlərinin sahibləri şirkətə pul yatıraraq onu gücləndirirlər, eyni zamanda da sosial kapitalın artmasına da investisiya qoyulmalıdır ki, bu da artmış olsun. Yəni sığorta istehlakçılarının sığorta bazarına, sığorta məhsullarına, sığorta şirkətlərinə inamı artsın. Bu kapital sığorta bazarının inkişaf etdirilməsi üçün çox mühümdür. Requlyator olaraq biz də sığortaşıları yönləndirəcəyik ki, bu kapitala investisiya edilsin.

Sığorta şirkətləri biznesə yanaşma fəlsəfələrini də inkişaf etdirməlidirlər. Yəni onların fəlsəfəsində qısamüddətli pul qazanmaq, təkcə mənfəəti artırmaq deyil, sosial kapitalın inkişaf etdirilməsi əsas yer tutmalıdır. Məsələn, deyək ki, şirkətlər sığorta məhsulu satır, qarşılığında sığorta yığımı əldə edirlər. Sonra sığorta hadisələri baş verir və sığorta ödənişləri həyata keçirilməli olur. Sığorta şirkətləri həmin o sığorta ödənişlərinə xərc kimi, gəlirin itirilməsi kimi baxmamalıdırlar. Onlar buna investisiya kimi baxmalıdırlar. Şirkətlər sığorta hadisəsi zamanı sığortalılarla ədalətli rəftar etməlidirlər ki, onlara inam formalaşsın. Ədalətli yanaşma olmasa təbii ki, inam formalaşmayacaq və nəticədə sosial kapital da artmayacaq. Və sosial kapital üzərində qurulmayan bir biznes inkişaf etməyəcək. Sığorta fəaliyyəti də məhz sosial kapital üzərində qurulan bir biznes sahəsidir. Ona görə də hesab edirəm ki, sığorta şirkətləri sosial kapitala investisiyanı artırmalıdırlar.

Sığorta hadisələrinə daha ədalətli yanaşmanın təmin olunub, doğru tənzimlənməsi üçün şirkətlər öz peşəkar kadrlarına da investisiya qoymalı, informasiya texnologiyaları sistemlərini inkişaf etdirməlidirlər. Doğrudur, sığorta şirkətləri sığortalılara ədalətli yanaşmanı, hadisələrin düzgün tənzimlənməsini, ödəmənin tam və vaxtında həyata keçirilməsini istəyə bilərlər. Lakin bu istəkləri gerçəkləşdirmək lazımdır. Hər bir sığorta şirkəti öz əməliyyat potensialını inkişaf etdirməli, xidmətin keyfiyyətini qaldırmalı, ən müasir texnologiyaları tətbiq etməli, daxili idarəetmə və nəzarət sistemlərini gücləndirməlidirlər. Çünki istehlakçılara xidmət göstərən də, məhsulları satan da, hadisələri tənzimləyən də əməkdaşlardır. Və bu prosesin keyfiyyəti işi aparan kadrların motivasiyasından, işə səmərəli yanaşmasından və onların peşəkarlıq səviyyələrindən asılıdır.

Azərbaycan Mərkəzi Bankı bu yöndə sığorta sektoruna yardım etmək üçün bir layihəyə başlayıb. Bu layihə sığorta sektorunun inkişafına xidmət edən 6 layihəmizdən biridir. Layihənin əsas məqsədi sektorda peşəkar kadrların inkişafıdır. Bilirsiniz ki, sığorta sektorunda aktuarilər, anderrayterlər, satış mütəxəssisləri, risk menecerləri, auditorlar kimi müxtəlif peşə istiqamətləri var. Bunların hər birinin inkişafı üçün Azərbaycan Mərkəzi Bankı yeni bir layihəyə başlayaraq intensiv treninqlər vasitəsilə sığorta sektorunda kadrların inkişafına diqqət ayırır. Biz eyni zamanda bu kimi layihəri uzunmüddətli perspektivdə də davam etdirməyi düşünürük. Çünki kadrların inkişafı məsələsi qısamüddətli bir layihə ilə yekunlaşmamalıdır. Kadrların treyninqi institutuna daim ehtiyac var. Məlumdur ki, xarici təcrübədə bu kimi işlərlə daha çox sığortaçılar assosiasiyaları məşğul olurlar. Requlyatorun da dəstəyi ilə sığorta tədris və inkişaf institutu formalaşır və bu, həm sığorta bazarının inkişaf problemlərinin həlli ilə məşğul olur, eyni zamanda sektorda kadrların inkişafı üçün treninqlər həyata keçirir. Bildiyiniz kimi, bu gün Azərbaycanın bank sistemində artıq belə bir qurum var – Bank Tədris Mərkəzi. Amma sığorta sektorunda belə bir qurum hələ ki formalaşmayıb.

- Bir qədər əvvəl qanunvericilik məsələsinə toxundunuz. Bizə maraqlıdır, maliyyə institutu üzrə qanunvericiliyə dövrün tələbləri və digər bu kimi məqamları nəzərə alsaq müasir dönəmdə nə dərəcədə intensiv olaraq dəyişikliklər edilməlidir? Və bu gün "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyə nə dərəcədə zərurət var?

- Bazarın formalaşması üçün zəruri hüquqi baza formalaşdırılıb. Amma bilirsiniz ki, həyat dinamik inkişaf edir. Bu inkişaf nəticəsində yeni problematika ortaya çıxır, yeni risklər və yeni inkişaf çağırışları meydana gəlir. Bu reallıqlar nəzərə alınaraq hüquqi baza mütəmadi olaraq təkmilləşdirilməlidir. Azərbaycan Mərkəzi Bankı olaraq bizim layihələrimizdən biri də məhz hüquqi bazanın inkişaf etdirilməsi, onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlıdır. Bildiyiniz kimi, Beynəlxaq Sığorta Nəzarətçiləri Assosiasiyası mövcuddur və onların sığorta sahəsində beynəlxalq prinsipləri müəyyən edən bir sənədi var. O prinsiplərə uyğunlaşma baxımından müəyyən təkmilləşdirmə işləri görülməlidir.

Xüsusilə də biz indi “Sığorta fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış edirik. Eyni zamanda sığorta ilə bağlı qanunvericiliyin mühüm hissəsini icbari sığorta qanunları təşkil edir. Bilirsiniz ki, 4 əsas icbari sığorta növü və onları tənzimləyən qanunlar var. Bu qanunların da təkmilləşdirilməsi istiqamətində işləyirik. Biz istəyirik ki, mövcud icbari sığorta növlərinin inkişafının yeni mərhələsinə və xarici təcrübəyə uyğun olaraq, eyni zamanda, Azərbaycanda ötən 10 il ərzində formalaşmış təcrübəni də əsas götürərək bu sığorta növlərini modifikasiya edək. Həm risklərin əhatəliliyi, tariflər və onun tətbiqi – istər “Daşınmaz əmlakın icbari sığortası”nda, istərsə də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nda – həm də digər sığorta növlərinin təkmilləşməsi məqsədi ilə qanunvericiliyə müəyyən təkliflərimiz olacaq. Bizim ekspertlər hazırda bu layihənin üzərində çalışırlar.

Eyni zamanda Azərbaycan Sığortaçılar Assosiasiyası da bu istiqamətdə öz təkliflərini təqdim edəcək. Bununla paralel olaraq, qeyd olunan layihəyə biz xarici ekspertlərin cəlb edilməsi üzərində də çalışırıq. Pandemiya bu istiqamətdə işimizin sürətinə, xüsusilə də xarici konsultant xidmətinin cəlb edilməsinə mənfi təsir göstərdi. Amma bütün bu baryerlərə baxmayaraq biz artıq ekspertlərin xidmətindən istifadə etməyə başlamışıq. Düşünürəm ki, yaxın bir il ərzində bu layihənin üzərində intensiv olaraq işləyəcəyik və sonra qanunvericiliyə dəyişikliklə bağlı təkliflərimizi qaydası üzrə hökumətə təqdim edəcəyik. Digər maraqlı tərəflərlə - dövlət qurumları ilə də bu təkliflərə baxılacaq. Və nəticədə, butün təkliflər nəzərə alındıqdan sonra, düşünürəm ki, bu, sığorta bazarının inkişafına öz töhvəsini verəcək.

- Sığorta sektorunda mövcud dinamika davam edəcəyi təqdirdə qısa, orta və uzunmüddətli perspektivdə sığorta bazarı ilə bağlı proqnozlarınız hansı istiqamətdə ola bilər?

- Gözləntilərimiz çox pozitivdir. Doğrudur, bizdə sığorta bazarının penetrsiya səviyyəsi aşağıdır, lakin, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi imkan verir ki, biz sığorta bazarını bir qədər genişləndirək.

Bildiyiniz kimi, ötən ilin mart ayından bəri dünyada COVID-19 pandemiyasının geniş yayılması, zəruri sərt karantin tədbirlərinin tətbiqi həm sosial, həm də iqtisadi aktivliyi qaçılmaz olaraq məhdudlaşdırması bizi sığorta bazarının inkişafı baxımından bir qədər narahat etmişdi. Hesab edirdik ki, bu, sığorta yığımlarının azalmasında özünü göstərəcək. Amma sevindirici haldır ki, artım dinamikası təmin olundu. Hətta maraqlıdır ki, böyümə əsasən könüllü sığorta növlərinin hesabına baş verdi. Yəni könüllü sığorta növləri üzrə bazar daha böyük templə artıb. Bu hal onu göstərir ki, pandemiyaya baxmayaraq cəmiyyət sığorta xidmətlərinə ehtiyac duyur və sığortalanmağa çalışır.

Düşünürük ki, bu tendensiya ölkədə həm də risk mədəniyyətini, risk fəlsəfəsini inkişaf etdirir. Çünki sığortanın başlıca məqsədi riskləri zəruri təminat altına almaqdır. İstər biznes, istərsə də sosial həyatda hər kəs müxtəlif risklərə məruz qalır. Əmlakımız, məsuliyyətimiz, davranışımız, həyatımız müxtəlif risklərlə üzləşir. Və biz o riskləri doğru qiymətləndiririksə onu minimuma endirməyə çalışmalıyıq. Çünki biz o riskləri azaltmasaq rahat fəaliyyət göstərə, həyat tərzi qura bilmərik. Əgər bizim əmlakımız varsa, demək o, müəyyən bir risk altındadır, daim nəsə baş verə bilər və nəticədə böyük bir maliyyə itkisi ilə üzləşə bilərik. Və ya bizim hərəkətlərimizlə bağlı qarşı tərəfə qarşı müəyyən bir məsuliyyətimiz var, yəni biz bilmədən hər hansı hərəkətimizlə qarşı tərəfə maliyyə zərəri vura bilərik, hansı ki bundan da sığortalanmaq lazımdır. Risk mədəniyyəti inkişaf etdikcə insanlar bu və digər risklərin istər-istəməz azaldılmasına çalışır. Sığorta risklərin azaldılmasının ən yaxşı yollarından biridir. Ümumilikdə desək, risk mədəniyyətinin inkişafı bərabərdir sığorta mədəniyyətinin inkişafı.

Düşünürük ki, bu kimi ümumi tendensiyalar da bazarı inkişaf etdirəcək və bu gün də etdirir. Pandemiya müddətində biz artıq bunun şahidi olduq. Eyni zamanda, bizim başladığımız layihələr, sığorta bazarının tənzimlənməsi və nəzarəti istiqamətində atdığımız addımlar, paralel olaraq sığorta bazarı iştirakçılarının da sığorta xidmətlərinə fərqli yanaşma tətbiq etməsi sığorta bazarının inkişafı üçün vacibdir.

Hesab edirəm ki, başladığımız layihələr sığorta bazarını daha da inkişaf etdirib genişləndirəcək və bazarın penetrasiya səviyyəsi bir neçə dəfə artacaq. Qısa, orta və uzunmüddətli dövrdə sığorta bazarının inkişafı ilə bağlı gözləntilərimiz müsbətdir və düşünürük ki, bu istiqamətdə bir sıra hədəflərimizə nail olacağıq.

- Nəzarət orqanının nümayəndəsi kimi yox, məhz uzun illərin peşəkar maliyyə mütəxəssisi və bir vətəndaş kimi sığorta şirkətlərinə tövsiyəniz nədir?

- İqtisadiyyat və idarəetmə sahəsində müəyyən təcrübəyə malik bir vətəndaş kimi sığortaçılara ümumi tövsiyəm ondan ibarətdir ki, bu biznesə strateji yanaşsınlar. Yəni qısamüddətli nəticələr əldə etməyə yox, uzunmüddətli hədəflərə fokuslansınlar. Başlıca olaraq müştərilərin inamına investisiya etsinlər.

Biznesdə belə bir termin var – müştəriyə qazandırılan dəyər – bu, sığorta şirkətləri üçün başlıca aktiv olmalıdır. Aktiv deyəndə ilk ağıla gələn maliyyə aktivləri olur. Amma aktiv bununla məhdudlaşmır. Aktiv eyni zamanda sosial xarakterli olmalıdır. Biz müştərilərə doğru xidmət göstəririksə və müştərilər göstərdiyimiz xidmətlərdən həqiqətən də faydalana bilirlərsə, nəticədə onlarda sığortaçı, onun sığorta xidmətləri, bütövlükdə bu biznes barədə pozitiv təsəvvür formalaşır. Bu bir aktivdir və bu aktivə mütləq investisiya etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi