"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 3% azalıb
- 17 iyul, 2020
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ziraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 1,7 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,1% azdır.
Yanvar-iyun aylarında "Ziraat Bank Azərbaycan"ın gəlirləri 11,5 milyon manat (illik müqayisədə 7,9% çox), xərcləri 7,6 milyon manat (22,2% çox), xüsusi ehtiyatlara ayırmaları 1,8 milyon manat (28,9% az), mənfəət vergisi ödəmələri isə 303 min manat (7,05 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 274,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 41,3% çoxdur. Bunun 134,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,6% böyüyüb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 61,4% artaraq 201,4 milyon manata, o cümlədən depozit portfeli 81,8% artaraq 119,3 milyon manata, balans kapitalı isə 5,2% artaraq 73,1 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.