"Zıraat Bank Azərbaycan"ın mənfəəti 36% azalıb
- 18 aprel, 2020
- 05:15
"Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 612 min manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,2% azdır.
Yanvar-mart aylarında "Zıraat Bank Azərbaycan"ın gəlirləri 5,6 milyon manat (illik müqayisədə 9,9% çox), xərcləri 3,4 milyon manat (20,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,6 milyon manat (21,4% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə "Zıraat Bank Azərbaycan"ın aktivləri 249,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,5% çoxdur. Bunun 146,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,2% böyüyüb.
Hesabat dövründə "Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 17,2% artaraq 176,8 milyon manata, o cümlədən depozit portfeli 17% artaraq 86,6 milyon manata, balans kapitalı isə 5,4% artaraq 72,6 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.