Yunus Abdulov: "ABA olaraq gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq"

Yunus Abdulov: "ABA olaraq gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq" Yunus Abdulov: "ABA olaraq gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq"
Maliyyə
8 aprel 2025 09:22
Yunus Abdulov: ABA olaraq gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi fəaliyyətdə olduğu 35 ildə ölkədə bank sektorunun inkişafı istiqamətində bir sıra işlər görüb. Qurumun icraçı direktoru Yunus Abdulov "Report"a müsahibəsində ötən il dayanıqlı maliyyə və beynəlxalq müstəvidə əlaqələrin inkişafı istiqamərində görülmüş tədbirlərlə bağlı sualları cavablandırıb:

- Hörmətli Yunus müəllim, ABA-nın 35 illik yubileyini qeyd etmək olduqca önəmli bir hadisədir. Bu illər ərzində Assosiasiya, bank sektorunun inkişafı naminə üzv bankların birliyini və əməkdaşlığını gücləndirən bir platforma kimi mühüm rol oynayıb. Bu münasibətlə bütün kollektivi təbrik edirik və uğurlarınızın davamını arzulayırıq.

- Təşəkkür edirəm. Bu yubiley, ilk növbədə, üzv banklarımızın birgə səylərinin nəticəsidir. Assosiasiya olaraq biz daim bu birliyi və qarşılıqlı dəstəyi əsas dəyər kimi qorumağa çalışmışıq. Gələcəkdə də birlikdə daha çox uğurlara imza atacağımıza inanırıq.

- Bildiyimiz kimi, ötən il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdi. Bu isə dayanıqlı maliyyəyə, eləcə də, ekoloji, sosial və idarəetmə (ESİ) prinsiplərinin inteqrasiyasına olan diqqəti artırdı. Xüsusilə, 2024-cü ildə bu istiqamətdə hansı işlər görüldü?

- ESİ amillərini maliyyə institutlarının qərarvermə prosesində nəzərə alması dayanıqlı maliyyənin əsas hissəsidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi beynəlxalq səviyyədə ölkəmizin üzərinə götürdüyü ən mühüm öhdəliklərdən biri hesab edilir və iqlim dəyişmələrinə qarşı mübarizədə bir sıra vacib təşəbbüslər irəli sürülüb.

COP29 çərçivəsində Azərbaycanın bank sektoru dayanıqlı maliyyə öhdəliyi bəyan edib. Yaşıl və dayanıqlı bankçılığın təşviqi, iqlim risklərinin bank əməliyyatlarına inteqrasiyası, ESİ hesabatlığının artırılması, dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq, bacarıqların inkişafına və innovasiyaya dəstək verilməsinin təşviqi və ən əsası, 2030-cu ilə qədər ölkəmizin aşağı karbon və dayanıqlı iqtisadiyyata keçidinə töhfə verəcək yaşıl və dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün bank sektoru 2 milyard manat məbləğində vəsaitin ayrılması öhdəliyi götürüb.

Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatında Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard ABŞ dolları investisiyaya ehtiyac olduğu bildirilir və bunun 40 %-ni özəl sektor, o cümlədən banklar maliyyələşdirə bilər. Bu maliyyələşmənin təmin edilməsi üçün isə ciddi institusional çərçivənin formalaşdırılması, yaşıl istiqrazların buraxılşının təşviqi, beynəlxalq inkişaf banklarının cəlbi və yaşıl maliyyələşmə fondlarının yaradılması labüddür. Azərbaycan Mərkəzi Bankı (AMB) institusional çərçivənin yaradılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmin edilməsi üçün vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyələrin hazırlanması üzərində işləri davam etdirir.

"Yaşıl maliyyələşdirmə" istiqamətində ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması işlərini qeyd edə bilərik. Üç il əvvəl start götürən bu proses nəticəsində AMB requlyativ güzəştlər tətbiq edib. 2024-cü il üzrə fiziki şəxslərin aldığı istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib. 2023-cü illə müqayisədə elektrik və hibrid avtomobillərinin avtomobil kreditləri portfelində payı say üzrə 14,7 %-dən 48 %-ə, məbləğ üzrə isə 37,7 %-dən 65 %-ə yüksəlib.

- Məlumdur ki, dayanıqlı maliyyələşmə ilə bağlı müvafiq yol xəritəsi də qəbul edilib. Onun əhatə dairəsini və davamında görülən işləri də qeyd edə bilərsinizmi?

- Bəli, qeyd etdiyiniz kimi, prosesin davamında AMB “2023-2026 Dayanıqlı Maliyyə Yol Xəritəsi” formalaşdırdı. Yol Xəritəsi üzrə maliyyə institutlarının iqlim dəyişikliyi və digər ESİ amillərindən irəli gələn risklərə qarşı dayanıqlığını təmin etmək, həmçinin dayanıqlı iqtisadiyyata keçid nəticəsində yaranan imkanları həyata keçirmək istiqamətində işlər davam edib.

Yol Xəritəsinin icrası çərçivəsində dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması üçün bir neçə sənəd və təlimat hazırlanıb. “Dayanıqlı Maliyyə Prinsipləri” sənədi ESİ amillərinin maliyyə institutlarında biznes strategiyası, korporativ idarəetmə, risklərin idarə edilməsi və məlumatların açıqlanması proseslərinə inteqrasiyasını nəzərdə tutur. Prinsiplər iqlim dəyişmələri və ESİ amillərinin yaratdığı risklərin idarə olunması və yeni maliyyə imkanlarının dəyərləndirilməsi üçün maliyyə institutlarına qabaqcıl beynəlxalq təcrübəni təqdim edir.

COP29 zamanı AMB-nin açıqladığı Milli Yaşıl Taksonomiya yaşıl layihələrin maliyyə sektorunda dəstəklənməsi üzrə atılmış ən mühüm addımlardandır. Taksonomiyanın məqsədi iqlim, yaşıl, sosial və yaxud dayanıqlılıq məqsədlərinə xidmət edən fəaliyyətləri müəyyən edərək təsnifatlaşdırmaqdır. Taksonomiya mövcud milli qanunları, siyasətləri və qaydaları özündə birləşdirərək, ölkənin iqlimin, ətraf mühit və dayanıqlı inkişaf məqsədlərini əks etdirmək üçün hazırlanıb.

AMB “Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı”nı bank sektorunda iqlim və ətraf mühit risklərinin idarə olunmasını gücləndirmək məqsədilə hazırlayıb. Təlimat bankların daxili siyasət və prosedurlarında ekoloji risklərin inteqrasiyasını, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqini əhatə edən tövsiyələri özündə birləşdirir. Bankların iqlim risklərinə uyğunlaşma qabiliyyətini artırmaq və bu riskləri idarə etmək üçün adekvat yanaşmalar tətbiq etməsi əsas hədəflərdən biridir. Təlimatın tətbiqi bank sektorunun ekoloji dayanıqlılığını artıraraq, maliyyə institutlarının ekoloji risklərə qarşı daha dayanıqlı və adaptiv olmasını təmin edir.

- ABA bu məsələlərə necə dəstək olur?

- ABA olaraq dayanıqlı maliyyələşdirmə istiqamətində olan təşəbbüslərə hər zaman dəstək veririk. ABA nəzdində bu istiqamətdə bankların fəaliyyətini koordinasiya etmək üçün “ESİ və Dayanıqlı Bankçılıq” Ekspert Qrupu yaradılıb. Bu qrup ən yeni ekspert qruplarından biri kimi yaradıldığı qısa müddət ərzində Dayanıqlı Bankçılıq mövzusunda geniş təkliflər paketi hazırlayıb, bu istiqamətdə gələn sorğuları operativ şəkildə cavablandırmış, xarici təcrübənin öyrənilməsi üzrə araşdırmalar həyata keçirib və müxtəlif ölkələrin mütəxəssisləri ilə fikir mübadilələri aparıb.

31 may 2024-cü il tarixində “ESİ və dayanıqlı bankçılıq” adlı seminar (ESİ and sustainable banking workshop) keçirilib və bütün bank nümayəndələri burada iştirak edib. Tədbir zamanı ESİ haqqında seminar iştirakçılarına məlumat verilib, AMB ESİ istiqamətində görülən işlər, ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun fəaliyyəti və həyata keçirdiyi məsələlər, gələcək planlar və banklar üçün dayanıqlı bankçılıq üzrə fəaliyyət planının formalaşdırılması, tənzimləyici orqanlara təklif üçün “ağ kağız” barədə müzakirə təşkil edib.

ESİ ilə bağlı beynəlxalq təcrübələrin öyrənilməsinə xüsusi önəm veririk. Bu istiqamətdə 29-30 iyul 2024-cü il tarixlərində ekspertlərimizin Gürcüstana səfəri baş tutdu. Qeyd edim ki, 2025-ci ildə də ESİ istiqamətində beynəlxalq təcrübələrin öyrənilməsi fəaliyyətlərimiz davam edir. Bu çərçivədə banklardan olan ekspertlərimizin Budapeşt səfəri çərçivəsində Macarıstanın aparıcı bankları olan OTP Bank, K&H Bank, ERSTE Bank və Raiffeisen Bank ilə görüşləri təşkil edilib.

Ekspert Qrupunun hazırladığı ən vacib sənədlərdən biri də “Ətraf Mühit, Sosial və İdarəetmə (ESİ) Strategiyası” oldu. Strategiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd - Dayanıqlı maliyyə imkanlarının, ESİ məlumatlılığının artırılması və ESİ imkanlarının təkmilləşdirilməsi üzrə 10 təşəbbüsün icrasını nəzərdə tutur.

Bu strategiyada nəzərdə tutulan təşəbbüslər, bir tərəfdən, Azərbaycan banklarının qlobal iqlim hədəflərinə uyğun fəaliyyət göstərməsini təmin edir, digər tərəfdən isə, iqtisadiyyatda ekoloji məsuliyyəti və dayanıqlılığı təşviq edir. Nəticədə, banklar yalnız maliyyə institutları kimi deyil, həm də ölkənin dayanıqlı və aşağı karbonlu inkişafına töhfə verən mühüm oyunçulara çevrilir.

ABA olaraq, bu strategiyanı 18 oktyabr 2024-cü il tarixində AMB, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və maliyyə sektorunun aparıcı assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilmiş “Yaşıl maliyyə və dayanıqlılıq forumu” ictimaiyyətlə bölüşdük. Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olundu.

Vurğulamaq istərdim ki, indiyə qədər banklar rəqəmsal bankçılıq məhsullarının yaradılması, kağızsız filial əməliyyatlarının təşviqi, ekoloji-dost təkliflər, əməkdaşların şəxsi və karyera inkişafının irəlilədilməsi, korporativ sosial məsuliyyət təşəbbüsləri, ətraf mühitin qorunması və karbon ayaq izinin azaldılması kimi bir sıra mühüm addımlar atıb.

- Bununla bağlı strateji baxışınız necədir?

- Gələcək dövrdə strategiyamızda yer alan təşəbbüslər çərçivəsində bank sektoru mühüm addımlar atmağa hazırlaşır. Bunlar, dayanıqlı maliyyələşmənin təşviqi - Enerji səmərəliliyi, bərpa olunan enerji və dayanıqlı infrastruktur layihələrinə yatırımları asanlaşdıran yaşıl maliyyə məhsullarının inkişafı, Dayanıqlılıq üçün Rəqəmsal Transformasiya - Kağız istifadəsini minimuma endirmək və bununla əlaqəli ətraf mühit təsirlərini azaltmaq məqsədilə rəqəmsal satış sistemlərinin genişləndirilməsi, maarifləndirmə - Cəmiyyətin ESİ və dayanıqlılıq üzrə savadlılığının artırılması, bank sektorunda biliklərin artırılması istiqamətində təşviqat və əldə edilmiş biliklərin sektor daxilində paylaşılması, Gender balansı - Qadınların idarəetmədə təmsilçiliyini artırmaq üçün yeni proqramların hazırlanması, Risklərin idarə edilməsində ESİ Risklərinin inteqrasiyası, ətraf mühitin və sosial amillərin maliyyə sabitliyinə birbaşa təsir etdiyini qəbul edərək, ESİ risklərini risklərin idarə edilməsi siyasətləri və prosedurlarına daxil etmək, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq - ESİ təşəbbüslərimizi təkmilləşdirməyə, bazar əhatəmizi genişləndirməyə və qlobal dayanıqlılıq məqsədlərinə daha çox töhvə vermək üçün beynəlxalq trendin dayanıqlı izlənməsi, ESİ hesabatlığının təşviqi – ESİ hesabatlaırnı hazırlayan və göstəricilərini açıqlayan bazar iştirakçılarının artırılmasıdır.

- Yaşıl maliyyələşməyə verilən önəm bizim ölkəmizin imicinə də müsbət təsir edə və bankların xarici maliyyə vəsaitlərinə çıxışına daha geniş imkanlar yarada bilər. Beynəlxalq arenada daha səmərəli və effektiv münasibətlərin qurulması üçün daha hansı addımlar atılır?

- ABA kiçik və orta sahibkarların maliyyələşdirilməsi, bazar kapitallaşması, sığorta sahəsi, startaplar üçün maliyyə əlçatanlığı, özəl sektora daxili kredit qoyuluşları, mikromaliyyə təşkilatlarının verdiyi kreditlər, elektron ödənişlər, yaşıl maliyyə, kredit büroları və yüklülük reyestrlərinin fəaliyyəti kimi məsələlərin müzakirəsinə öz gündəliyində yer verən “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupu”nun fəaliyyətində çox aktiv iştirak edir. Bu qrupun əsas məqsədi ölkədə maliyyə əlçatanlığı üzrə bençmarklarla müqayisədə təkmilləşdirilməli olan məqamların müəyyən edilməsi və bu fərqlərin aradan qaldırılması istiqamətində tədbirlərin icrasıdır.

Bank sektoru həm bu işçi qrupu çərçivəsində, həm də beynəlxalq əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti ilə ölkənin maliyyə sektorunun dünya arenasındakı reytinqinin möhkəmlənməsinə öz töhfəsini verməyə çalışıb.

Bununla yanaşı, arxada qoyduğumuz ilin aprel ayında AMB-nin sədri cənab Taleh Kazımovun rəhbərliyi ilə ölkənin aparıcı maliyyə institutlarının rəhbərlərinin də iştirak etdiyi Azərbaycan bankçılıq missiyasının ABŞ-yə ilk işgüzar səfəri baş tutub. Səfər çərçivəsində ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlər təşkil olunub.

Xarici təcrübə mübadiləsi proqramlarından danışdığımız zaman ABA və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə müxtəlif səfərlərdən də qısa bəhs edək. Belə ki, ötən il ərzində bank sektorunun nümayəndələri və ekspert qrupları üçün fərqli mövzularda Türkiyə, Malayziya, Rusiya, Qazaxıstan, Gürcüstan, Avstriya, Macarıstan, İtaliya və Polşa ölkələrinə xarici təcrübə mübadiləsi proqramları çərçivəsində banklarla görüşlər təşkil edilib, həmçinin təlimlər keçirilib.

Bununla yanaşı, ABA regionun ən böyük iki maliyyə tədbiri hesab edilən Fıntex Sammit və Beynəlxalq Bankçılıq Forumu keçirib.

- Müsahibəmizin sonunda maraqlıdır ki, gələcəyə baxışınız necədir? Azərbaycan bankçılığını və iqtisadiyyatını qarşıda nə gözləyir?

- Dayanıqlı inkişaf, ekoloji məsuliyyət və beynəlxalq inteqrasiyanı bir prioritet kimi qəbul edərək, bu istiqamətdə atdığımız hər bir addım ölkəmizin gələcəyinə, iqtisadi sabitliyinə və qlobal nüfuzuna xidmət edir. Biz inanırıq ki, bu kollektiv səylər yalnız maliyyə sektorunu deyil, bütün cəmiyyətimizi daha dayanıqlı, inklüziv və innovativ gələcəyə aparacaq. Azərbaycan bankçılığı bu yolda irəliləməyə, öyrənməyə və paylaşmağa davam edəcək.

Son xəbərlər

Orphus sistemi