İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən fiskal siyasətin uğurları və perspektivləri barədə "Report"a müsahibə verib:
- Fiskal siyasət dövlətin qarşısında dayanan əsas məqsədlərin həllində necə rol oynayır?
- Azərbaycan iqtisadiyyatı “üç P” – post-konflikt, post-pandemiya və post-neft dövrünün çağırışlarına cavab verməlidir. Bu baxımdan fiskal siyasət mərkəzi rola sahibdir. Yüksək inflyasiyanı cilovlamağa çalışan və aralıq hədəfi pul kütləsi olan monetar siyasətlə fiskal dəstək tədbirlərinin uzlaşdırılması mürəkkəb bir məsələdir. Başqa sözlə, inflyasiya hədəfi pul kütləsini məhdudlaşdırmağa, dövlətin fiskal dəstəyinə böyüyən tələb isə artırmağa meyillidir. Bu arada qiymətlər sabitliyinin əsas lövbəri olan manatın məzənnəsinin dayanıqlılığı monetar və fiskal siyasətin “barışdırılmasında” mühüm rol oynayır. Əlbəttə, fiskal islahatların davam etdirilməsi, xüsusən orta-müddətli çərçivəsinin tətbiqi daha məqbuldur. Xarici ticarət şərtinin yaxşılaşması və tədiyyə balansının profisiti şəraitində yerli valyuta bazarında tarazlıq qorunur ki, bu da manatın sabitliyi üçün əsasdır. Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərraclarında tələb artıqlaması ilə qarşılanır və manat sabitliyini qoruyur.
Baxmayaraq ki, ölkənin qarşısında dayanan əsas məsələlər – milli təhlükəsizlik, azad olunmuş torpaqlarda quruculuq və əhalinin sosial rifahı dövlət xərcləmələrinə bağlıdır, yeni qəbul edilmiş büdcə qaydaları optimal həddləri müəyyənləşdirir. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna (ÜDM) nisbəti və dövlət borcunun ÜDM-ə nisbəti, həmçinin büdcənin əməliyyat hədəfi fiskal dayanıqlığın təmin olunmasına yönəlib. Yeri gəlmişkən, sadalanan hər iki büdcə qaydası və əməliyyat hədəfi hazırda yerinə yetirilir.
Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi çərçivəsində iri dövlət müəssisələrində korporativ standartların tətbiqi və Dövlət Neft Şirkəti (SOCAR) başda olmaqla satınalmalar zamanı yerli təchizat zəncirinin gücləndirilməsinə dəstək məqsədəuyğun siyasət istiqamətləridir.
IMF-in dünya üzrə iqtisadi artım proqnozlarını aşağı salmaqla yenidən təftişi ilə bərabər bir sıra ünlü iqtisadçılar, o cümlədən, Nuriel Rubini staqflyasiya təzyiqindən, başqa sözlə, yüksək inflyasiya və aşağı artım tempindən danışır. Xüsusən enerji inflyasiyası üzrə yeni terminlər yaradılıb: iqlim inflyasiyası - climateflation, xammal inflyasiyası - fossilflation və yaşıl inflyasiya – greenflation. Bu halda, Azərbaycan kimi ölkələrdə fiskal siyasətin əhəmiyyəti daha da yüksəlir və bizim iqtisadi artımda fiskal stimulların rolu böyükdür.
- İnflyasiyanın dövlət büdcəsinə təsirini necə qiymətləndirmək olar?
- Qısamüddətli dönəmdə inflyasiya büdcənin kəsirini azaltmağa xidmət edir. Belə ki, vergilər nominal qiymətlərə bağlı olduğundan qiymət artdıqca, vergi gəliri də nominal ifadədə çoxalır. Məsələn, İMF hesablayıb ki, illik inflyasiyanın 1 faiz bəndi artması büdcənin nominal gəlirlərini inkişaf etməkdə olan ölkələrdə 0,8%, inkişaf etmiş ölkələrdə isə 0,3% artırır. Azərbaycanda inflyasiyanın sürətlənməsinin büdcənin nominal gəlirlərinə təsiri var. Amma uzunmüddətli dönəmdə inflyasiya büdcə xərclərininə də təzyiq yaradır və fiskal fəzanı sıxır. Azərbaycan hökuməti bu baxımdan artan büdcə gəlirlərini ilk növbədə əhalinin sosial rifahı, sahibkarlığın dəstəklənməsi, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və ölkənin müdafiə qabiliyyətinin artırılmasına yönəldir. Məsələn, nadir hallarda olur ki, ilk rübdə dövlət büdcəsinin xərcləri 99% icra edilsin, amma bu il belə olub. Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər, o cümlədən, əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və yaxud 4,6% çox icra olunub. Digər fondlarımız da dəstək tədbirlərini davam etdirir. Məsələn, bu ilin əvvəlindən sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat güzəştli kredit verilib.
Hökumət antiinflyasiya tədbirləri çərçivəsində əhalinin, xüsusilə aztəminatlı təbəqənin gəlirlərini inflyasiyaya yem olmaqdan qoruyur. Buna görə də hökumətin antiinflyasiya siyasətində sosial blok aparıcı yer tutur. Bu il 2,1 milyon nəfərin sosial ödənişlərinin artırılması üçün dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılıb. Bu siyasətin davam etdirilməsi və əhalinin, xüsusilə də yoxsul insanların inflyasiyanın təsirlərindən qorunması üçün fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Alınmış cari transfertlər gəlirlərin mənbələrə görə bölgüsündə təqribən hər bir kvintil üzrə 20% ətrafında formalaşır. Bu da onu deməyə imkan yaradır ki, birdəfəlik transfertlər əhalinin, əsasən aşağı təbəqənin gəlir bölgüsündə təsiredici rola malikdir. Xüsusilə də, kənd təsərrüfatı və ərzaq sənayesinə verilən subsidiya, güzəştli vergi, kredit, sığorta və lizinq alətlərindən istifadə əhalinin ərzağa əlçatarlığını təmin etmək üçün əhəmiyyətli hesab olunur.
- Yeni büdcə qaydasında nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin azalmasını necə qiymətləndirirsiniz?
- Burada əsas məsələ dövlət borcunun ortaçəkili effektiv faiz dərəcəsi ilə iqtisadi artım sürətinin müqayisəsidir. Dövlət borcunun ortaçəkili effektiv faiz dərəcəsi həm effektiv daxili faiz dərəcəsi, həm də effektiv xarici faiz dərəcəsi ilə müəyyənləşir ki, buna da inflyasiya təsir göstərir. Yəni inflyasiya həm daxili, həm də xarici real effektiv faiz dərəcəsinə azaldıcı təsir göstərir. Azərbaycanda sürətlənən inflyasiya və manatın sabit kursu real effektiv faiz dərəcələrini aşağı çəkir. Digər tərəfdən isə inflyasiyanın sürətlənməsi ÜDM-i də nominal “şişirdir” və beləliklə, dövlət borcu/ÜDM nisbətini azaldır.
Azərbaycanda bu ilin əvvəlindən iqtisadi artım, xüsusən də qeyri-neft sektoru üzrə böyümə tempi dövlət borcunun ortaçəkili effektiv faiz dərəcəsini üstələyir. Bu halda dövlət borcunun ÜDM-ə nisbəti də azalır.
Hökumət çalışır ki, ilkin balansı, yəni dövlətin gəlirləri ilə qeyri-faiz xərcləri, yəni dövlət borcuna xidmət etməyən xərclərinin fərqini tənzimləsin. Çox vaxt ilkin balansın ÜDM-ə nisbəti əsas götürülür. Məsələn, bu ilin birinci rübündə Azərbaycanda ilkin balansın ÜDM-ə nisbəti müsbət işarə ilə 5 % olub. Hansı ki, bu il inkişaf etməkdə olan ölkələrdə ilkin balansın ÜDM-ə nisbəti mənfi işarə ilə 3,8% proqnozlaşdırılır. Əgər nəzərə alsaq ki, ortaçəkili effektiv faiz dərəcəsi də ÜDM-in artım tempindən geridə qalır, onda Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin azalmasını deyə bilərik. Buna borcu sabitləşdirən ilkin balans yanaşması deyilir.
Məntiq deyir ki, dövlət borcunun yüksək səviyyəsi həm də ilkin balansının yüksək profisitini tələb edir ki, bu da iqtisadi artıma mənfi təsir göstərir. Çünki belə olduqda, dövlətin gəlirləri onun qeyri-faiz xərclərini üstələyir və beləliklə, daraldıcı fiskal siyasət həyata keçirilir. Hazırda dünyada əksər ölkələrin qarşılaşdığı və İMF-in “qırmızı xətti” – dövlət borcunun ÜDM-ə nisbətinin inkişaf etməkdə olan ölkələrdə 50 %-i aşması halı ciddi təhdid sayılır. Yüksək dövlət borcu şoklara qarşı iqtisadiyyatın həssaslığını artırır və milli təhlükəsizliyə qorxu yaradır.
Dövlət borcunda daxili komponentin gücləndirilməsi əsas hədəflərdən biridir.
- Daxili dövlət borcunun tənzimlənməsi necə aparılır?
- Yeri gəlmişkən, qlobal inflyasiya dövlət borcuna başqa istiqamətdən də təsir edir. Artan inflyasiya volatilliyi borclanma xərclərinə təzyiq göstərir və investorlar uzunmüddətli borc üçün daha yüksək “mükafat” tələb edirlər. Məsələn, İMF hesablayıb ki, inflyasiya volatilliyində standart kənarlaşmanın 1 vahid artması üç ildə hökumətin uzunmüddətli istiqrazlarının gəlirliliyini 0,5 vahid artıra bilər, eyni zamanda, dövlət borcu artdıqca bu trend də güclənir. Maraqlıdır ki, Azərbaycanda inflyasiyanın sürətlənməsinə baxmayaraq, dövlət istiqrazlarının nominal gəlirlilik səviyyəsi azalır. Məsələn, ötən il üçillik istiqrazın gəlirlilik səviyyəsi apreldə 7,8 % olduğu halda, bu ilin aprelində 4,3%-ə düşüb, deməli, inflyasiyanı da nəzərə alanda real gəlirlilik faizi kəskin azalıb. Bu hal investorların dövlətə inamının artması və məhdud alternativ sərmayə imkanlarının olması deməkdir. Hətta Maliyyə Nazirliyi tərəfindən 5 illik və 7 illik istiqrazların dövriyyəyə buraxılması onu göstərir ki, investorların risk antipatiyası azalıb və daha uzunmüddətli dönəmdə dövlətə inanırlar. Daha uzun müddətə və daha aşağı real gəlirliliklə dövlət qiymətli kağızlarının emissiyası dövlət borcunun strukturunda yerli borclanmanı, özü də daha əlverişli şərtlərlə artırır. Bu yolla, dövlət borcunda xarici borcun xüsusi çəkisi azalır və məzənnə riski də daxil olmaqla, bir sıra risklər yumşalır.
- Azərbaycanda gəlirlilik əyrisi formalaşıbmı?
- Dövlət borcunun gəlirlilik əyrisi, borc alətləri üzrə gəlir dərəcəsinin ödəmə müddəti artdıqca necə dəyişdiyini göstərən bir qrafikdir. Azərbaycanda baxsaq, son hərraclarda ikiillik dövlət istiqrazları 3,8 %, üçilliklər 4,3 %, beşilliklər 5,9 % olmaqla yerləşdirilib. Yeddillik dövlət istiqrazlarının orta ölçülmüş nominal gəlirliliyi 6 %-in üstündədir. Göründüyü kimi, dövlət istiqrazının ödəmə müddəti artdıqca, nominal gəlirliliyi də yüksəlir. Belə asılılıq iqtisadi artıma işarədir. Çevrilmiş gəlirlilik əyrisi isə əksinə, resessiyaya siqnaldır.
- Azərbaycanda fiskal balans haqqında nə demək olar?
- Azərbaycanda bu ilin ilk rübündə həm icmal, həm də dövlət büdcəsində profisit yaranıb. Hətta icmal büdcənin profisti ilk rübdə 1,7 milyard manat olmaqla ÜDM-in 5,5 %-ni təşkil edib. Hansı ki, bu il dünyada fiskal kəsirin ÜDM-ə nisbəti 4,9 %, inkişaf etməkdə olan ölkələrdə isə 5,7 % proqnozlaşdırılır. 2022-ci ilin ilk üç ayında dövlət büdcəsinin profisiti də proqnozlaşdırılan 903,5 milyon manatdan 476,6 milyon manat artıq olmaqla 1380,1 milyon manat təşkil edib. Gəlirlərin xərcləri üstələməsi fiskal siyasətdə daraldıcı effekt yaratmaqla həm də manatın sabitliyi və inflyasiyanın cilovlanmasına xidmət edir.
Hazırda dünyada icmal və dövlət büdcəsində profisit yaranan ölkələr barmaqla saymaq mümkündür. Məsələn, İndoneziya dövlət xərcləmələrini azaltmaqla büdcə kəsirini cilovlayır, Çin əksinə büdcə kəsiri və dövlət borcunun ÜDM-ə nisbətini artırır, pandemiya zamanı borcu kəskin artmış Cənubi Afrika Respublikasında isə dövlət borcunun ÜDM-ə nisbətinin 75 %-i ötəcəyi proqnozlaşdırılır.
2022-ci ilin ilk rübündə icmal büdcənin gəlirləri 7960,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 milyon manat və ya 14,2 % çoxdur. Əsas məsələ odur ki, icmal büdcənin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 26,5 %dir və inkişaf etməkdə olan ölkələrin orta göstəricisi ilə təxminən eynidir. Neft gəlirlərini də nəzərə alanda, bu bir tərəfdən “fiskal fəza”nın ölçüsünə işarədirsə, digər tərəfdən sahibkarlar və ev təsərrüfatları üçün “dövlət yükü”nün optimallığını göstərir.
- Bu ilin ilk rübündə büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru nə qədər rol oynayır?
- Qeyri-neft sektorunun büdcə ödəmələri bu sahənin artım tempini dəfələrlə üstələyir. Bu ilin ilk rübündə qeyri-neft sektoru 10,3 % artdığı halda, qeyri-neft sektorundan Vergi Xidmətinin xəttilə daxilolma 49 % və Dövlət Gömrük Komitəsinin xəttilə 30,6 % çoxalıb. Vergi Xidmətinin xəttilə daxilolmalarda qeyri-neft sektorunun payı 80 %-i keçir. Beləliklə, vergi-gömrük inzibatçılığının təkmilləşməsi hesabına qeyri-neft sektorunda şəffaflaşma və gəlirlərin leqallaşması baş verir, üstəlik iqtisadi artım da öz sözünü deyir. Qeyri-neft sektorunun öz inkişaf tempindən daha yüksək sürətlə vergi-gömrük ödənişlərini həyata keçirməsi, həm də qeyri-neft sektorunun strukturu ilə bağlıdır. Belə ki, qeyri-neft sektorunda əsas drayver sənaye sahəsidir ki, burada daha böyük əlavə dəyər yaradılır və vergi bazası genişlənir.
Maliyyə Nazirliyinin məlumatına görə, ARDNF-dən dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3180 milyon manat məbləğində transfertə qarşı 2757 milyon manat məbləğində transfert daxil olub. Bu ilin ilk rübündə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423 milyon manat və ya 13,3 % az istifadə olunmasına imkan verib.
- Bəs dünya neft qiymətlərinin artması fiskal dayanıqlığa necə təsir göstərir?
- Bir tərəfdən neft gəlirlərinin artmasından icmal büdcə gəlirləri çoxalır. Neftin qiymətinin 5 ABŞ dolları artması icmal büdcə gəlirlərini proqnozla müqayisədə illik təqribən 1,4 milyard manat yüksəldir. Bu il makro proqnozlarda neftin qiymətini hər barel üçün 50 dollar götürdüyümüz halda, hazırda qiymətlər 100 dolları keçir. Spot müqavilələri əsasında satdığımız təbii qazın qiyməti də proqnozları dəfələrlə üstələyir. Təsadüfi deyil ki, bu ilin ilk rübündə mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Amma digər tərəfdən qlobal geopolitik risklərin artması səbəbindən bu ilin birinci rübündə ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan mənfi fərq 1 milyard dollara yaxın olub. Düzdür, bu qısamüddətli bazar dəyişkənliyidir və bərpa oluna bilər.
- Azərbaycanda borc dayanıqlığını necə xarakterizə etmək olar?
- Qlobal səviyyədə dövlət borcu 2022-2024-cü illərdə ÜDM-in 94 %-i səviyyəsində proqnozlaşdırılır ki, Azərbaycanda bu sahədə vəziyyət beş dəfəyə qədər daha yaxşıdır. Artan %lər şəraitində dövlət borcunun qlobal səviyyədə belə yüksək olması borc həssaslığı və maliyyə sabitliyinə təhdid olmaqla iqtisadi artımı da buxovlayır. Borc dayanıqlılığı daha çox baza ssenarisinin üzərində qurulur. Baza ssenaridə ilk növbədə makroiqtisadi göstəricilər – iqtisadi artım, faiz dərəcəsi, inflyasiya, ilkin balans və mübadilə məzənnəsi nəzərə alınır. İkincisi, maliyyələşmənin xərcləridir, o cümlədən monetar siyasət və qlobal maliyyə bazarlarında vəziyyət əsas götürülür. Üçüncüsü, ilkin balansla bağlı dövlətin siyasətidir. Amma baza ssenarisi ilə yanaşı, həm də makro-fiskal təhlil zamanı stress testlər keçirilir. Məsələn, iqtisadi artım, faiz dərəcələri, mübadilə məzənnəsi, şərti öhdəliklər və ilkin balans gözlənilməz şokların təsiri altında dəyişə bilər. Azərbaycanda da borc dayanıqlığı beynəlxalq metodologiyalar əsasında dəyərləndirilir və buna uyğun siyasət qurulur.
- Hazırda dünyada yaşıl dövlət maliyyəsi islahatları həyata keçirilir. Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Yaşıl dövlət maliyyəsi ilk növbədə iqlim dəyişikliklərini yumşaltmaq və ona uyğunlaşmaq üçün milli və sektoral səviyyədə strategiyaları nəzərə almalıdır. Cənab Prezident tərəfindən müəyyənləşdirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri təmiz ətraf nühit və yaşıl artım ölkəsidir. Xüsusən də iqlim dəyişikliklərinə adekvat dövlət gəlirlərini və xərclərini özündə ehtiva edən orta-müddətli fiskal çərçivə müəyyənləşdirilməlidir. Azərbaycanda iqlim dəyişikliyinin nəticələri kimi orta temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinə keçid, enerji səmərəliliyi tədbirləri və s. yaşıl dövlət maliyyəsinə bağlıdır. Buna görə də fiskal islahatların aparılması zamanı iqlim təsirlərinin qiymətləndirilməsi zəruridir. Ümumiyyətlə büdcə siyasətinin ətraf mühitə təsirlərini ilkin, aralıq və son nəticələrə uyğun qiymətləndirmək lazımdır. Artıq dünyada 20-ə qədər dövlət yaşıl büdcə tətbiqinə keçiblər. “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” bu məsələləri də nəzərə alacaq.