Təhlillər göstərir ki, büdə qaydasının digər göstərici olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti hədəf çərçivəsindədir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Büdcə layihəsində dövlət orqanları əsas fiskal riskləri şərh edib. Palatanın təhlilləri həmin fiskal risklərin 5 ayda mənfi təsirlərlə reallaşmadığını, dürüstləşmənin bəzi riskləri aradan qaldırdığını göstərir", - deyə o qeyd edib.
"Yenidən baxılma zamanı bəzi makro iqtisadi göstəricilərlə bağlı dəqiqləşdirilmiş məlumatların məhdud olması və yaxud məhdud təqdim edilməsi, dövlət büdcəsi gəlirlərinin müvafiq hesablama qaydasına uyğunluğunu qiymətləndirməyi çətinləşdirib. Lakin həmin məhdud məlumatlar əsasında aparılan təhlillər bəzi mədaxil mənbələri üzrə gəlirlərin proqnozunun büdcə qaydası ilə hesablanan göstəricilərdən çox olduğunu göstərir", - deyə V.Gülməmmədov əlavə edib.