“Koronavirus (COVID-19) pandemiyasının təsirinə baxmayaraq 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub və ümumi daxili məhsul (ÜDM) 5,6% artıb”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
"Ötən ilin ilk aylarında sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzər alsaq, bu, kifayət qədər ciddi bir iqtisadi artım kimi xarakterizə olunur. 2021-ci ildə ən vacib məqamlardan biri iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 % oldu. Bu isə ölkə üzrə ümumi iqtisadi artım faizindən çoxdur və ondan xəbər verir ki, qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilməkdədir. Bu da iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir", - o qeyd edib.
İqtisadçı-ekspertin sözlərinə görə, ötənilki iqtisadi artım bu il üçün də nikbin proqnozlar verilməsinə şərait yaradıb: “Ötən il iqtisadiyyatda həyat keçirilən islahatlar həm də fiskal büdcə gəlirlərinin proqnozlaşdırılandan daha çox olmasına imkan yaradıb. 2021-ci ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daxil olmaların artması Dövlət Neft Fondunun transferlərinə qənaət etməyə gətirib çıxardıb. Bu isə 2022-ci il üçün müstəqillik dövrünün ən böyük büdcəsinin proqnozlaşdırılmasına imkan verib. O baxımdan iqtisadiyyatın inkişaf etməsi, iqtisadi artım tempinin bərpası həm də 2022-ci il iqtisadiyyatı üçün nikbin proqnozlar verilməsinə və nikbin qiymətləndirmə aparılmasına imkan verib”.
V.Bayramov həmçinin ölkədə iqtisadiyyatın liberallaşdırılması üçün atılan addımların uğurlu olduğunu deyib: “Bir tərəfdən pandemiyanın nəzarətə götürülməsi və yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasət, digər tərəfdən qlobal formada pandemiyanın davam etməsinə baxmayaraq real sektoruda iqtisadi artımın əldə edilməsi və 2022-ci il üçün də BMT-nin Azərbaycan iqtisadiyyatının 4 % böyüyəcəyini proqnozlaşdırması ondan xəbər verir ki, artıq 2021-ci ildəki pandemiyanın sərt təsirlərindən sonra Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub. Bu da onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar proqnozlaşdırıldığından daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb”.