Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində "Bank VTB (Azərbaycan)" ASC-nin ödəniş kartları ilə həyata keçirilən tranzaksiyaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 70 mini ötüb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, eyni zamanda əməliyyatlarının həcmi 60% artaraq 15 mln. manata çatıb.
Vəsaitin nağdlaşdırılması üzrə əməliyyatların məbləği 13 mln. manatı ötüb. Bundan bankomatlar vasitəsilə 10,3 mln. manat məbləğində nağd vəsait çıxarılıb. Bankın POS-terminalları vasitəsilə nağd vəsaitin alınması əməliyyatının məbləği 2,6 mln. manat təşkil edib.
İlin əvvəlindən POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 56% artaraq 1,2 mln. manat təşkil edib. Müsbət dinamika onlayn ödənişlər üzrə də müşahidə olunub və yanvar- noyabr ayları üzrə bu cür tranzaksiyaların məbləği 3 dəfə artaraq 700 min manat təşkil edib.
Bundan başqa, dövriyyədə olan kartların sayı təxminən 3 dəfə artıb və dekabrın 1-nə aktiv kartların sayı 4 minə çatıb.
Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "Bank VTB" ASC-nin törəmə qurumudur, səhmdarları qismində isə "Bank VTB" ASC və "AtaHolding" ASC çıxış edir. Bank əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir.