İngiltərə Apelyasiya Məhkəməsi İngiltərə Bankında (Bank of England) saxlanılan Venesuela hökumətinə məxsus 1 milyard ABŞ dollarından artıq məbləğdə qızıl ehtiyatlarına dair davada Venesuelanın xeyrinə qərar çıxardıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da məhkəmə daha əvvəl Venesuela müxalifətinin lideri Xuan Quadionu ölkə prezidenti tanımaqla mövcud hökumətin sözügedən qızıllara olan hüquqlarını inkar edən Yüksək Məhkəmənin qətnaməsini ləğv etdi.
Apelyasiya Məhkəməsinin qərarına görə, ötən ilin fevral ayında Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant tərəfindən X.Quadionu prezident kimi tanıması “müəmmalı”dır, çünki nazirin bəyanatında Birləşmiş Krallıq hökumətinin Nikolas Maduronu tanımamasına dair səlis iddia yoxdur.
Həmçinin Apelyasiya Məhkəməsi Birləşmiş Krallıq hökumətinin X.Quadionu prezident kimi tanımasına baxmayaraq, Nikolas Maduronun hələ də gerçəkdə prezident səlahiyyətlərini icra etməsini tanıyıb-tanımamasını müəyyənləşdirmək üçün iki ölkə arasındakı münasibətlərin statusunu təyin etmək barədə də qərar çıxarıb.
Qeyd edək ki, Venesuela hökuməti daha əvvəl bir neçə dəfə qızılın bir hissəsini geri almağa çalışıb. Məsələn, 2018-ci ildə İngiltərə Bankı Venesuela hökumətinin 420 milyon funt məbləğində qızılları qaytarmaqdan imtina edərək bunu N.Maduronun “qızılı ələ keçirərək öz şəxsi mənafeyi üçün istifadə edəcəyi” ehtimalını irəli sürüb. Venesuela hökuməti isə həmin vəsaitləri koronavirusa qarşı mübarizə tədbirləri üçün BMT İnkişaf Proqramına köçürmək niyyətində olduğunu bildirmişdi. Bu vəsait hesabına dərman ləvazimatı, tibbi avadanlıq və ərzağın alınması nəzərdə tutulur.