"Unicapital" istiqrazların təkrar satışını həyata keçirəcək
- 26 aprel, 2018
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 aprel. REPORT.AZ/ "Unicapital İnvestisiya Şirkəti" QSC METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək.
Bu barədə Şirkətin baş meneceri Heydər İbrahimli bildirib.
"Bakı Fond Birjası" QSC-də (BFB) METAK MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişləri 8 investor təqdim etdi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi. İnvestorların METAK istiqrazlarına tələbinin əhəmiyyətli dərəcədə artması, istiqrazların təkrar bazar və repo əməliyyatlarına da marağın yüksək olacağını deməyə əsas verir. İstiqrazlara tələbatın yüksək olmasının əsas səbəblərindən biri də istiqrazların likvid və şərtlərin münasib olmasıdır. "Unibank" və METAK-ın təminatçı olduğu və yerli fond bazarında yüksək gəlirlik ilə təklif edilən istiqrazlar investorlar üçün əlverişli investisiya aləti hesab edilir", - H.İbrahimli qeyd edib.
Qeyd olunanlarla yanaşı, istiqrazlara olan tələbin artması, qiymətli kağızlar bazarına olan inamın da göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişafına dair apardığı siyasətin və bazarın infrastrukturunun təkmilləşdirilməsinin nəticəsi olaraq, emitent və investorlar MBNP-yə və investisiya şirkətlərinə sərbəst şəkildə müraciət edib məlumatlandırıla bilər. Bu da, öz növbəsində, qiymətli kağızların MBNP-da qeydiyyat və daha sonra birjada yerləşdirmə proseslərinin anlayışını əhəmiyyətli dərəcədə asanlaşdırır.
METAK istiqrazları üzrə baş tutan yerləşdirmə qiymətli kağızlar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq, birjanın universal və yüksək sürətli ticarət imkanları yaradan platforması vasitəsilə kütləvi təklif olub. Bu isə ticarətin ədalətli, təhlükəsiz təşkili üçün şərtlər yaradır və investor bazasının genişlənməsinə müsbət təsir göstərir.
Xatırladaq ki, həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.