“Unibank”ın mənfəəti kəskin artıb
- 31 iyul, 2019
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
“Unibank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 799,494 milyon manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 28,7% çoxdur.
“Unibank”ın aktivlərinin 404,703 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22% böyüyüb.
Hesabat dövründə “Unibank”ın cəmi öhdəlikləri 25,4% artaraq 681,029 milyon manata, o cümlədən depozit portfeli 47,5% artaraq 519,229 milyon manata, cəmi kapitalı isə 51,5% artaraq 118,464 milyon manata çatıb.
Bu ilin yanvar-iyun aylarında “Unibank”ın gəlirləri 51,684 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 68,8% çox), xərcləri 46,993 milyon manat (21,7% çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 57,778 milyon manat (2,55 dəfə çox), mənfəət vergisi ödəmələri isə 35 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. Son nəticədə Bank I yarımili 62,435 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 14,639 milyon manat mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.