"Turanbank" gələn ilin əvvəlində yeni layihələrin maliyyələşməsinə başlayacaq

Maliyyə
  • 27 oktyabr, 2016
  • 13:31
Turanbank gələn ilin əvvəlində yeni layihələrin maliyyələşməsinə başlayacaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Enerji Səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində "Turanbank" ASC və "Global Climate Partnership" Fondu (GGPF) arasında 8 illik və 10 mln. ABŞ dolları məbləğində imzalanmış kredit sazişi üzrə nəzərdə tutulan texniki dəstək işləri yekunlaşıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, layihənin əsas məqsədi karbon dioksidin (CO2) emissiyasının 20%-dək azaldılmasını tələb edən layihələrin maliyyələşdirilməsi məqsədi ilə KOS və korporativ müştəriləri uzunmüddətli maliyyə vəsaiti ilə təmin etməkdir.

Layihənin hazırlanmasına və həyata keçirilməsinə texniki dəstəyin göstərilməsi məqsədi ilə Bank və GGPF arasında Texniki Yardım Layihəsi imzalanıb. Qeyd olunan müqavilə çərçivəsində bu il Fondun nümayəndələri, eləcə də texniki mühəndislərin iştirakı ilə Bank rəhbərliyi və struktur bölmələrinin direktorları arasında bir sıra görüşlər təşkil edilib, əməkdaşlar üçün ixtisaslaşdırılmış təlimlər keçirilib.

Görüşlərin yekunu olaraq enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üzrə strategiya və marketinq konsepsiyası, layihə üzrə təklif olunacaq kredit məhsullarının şərtləri işlənərək təsdiq olunub. Bundan əlavə, layihə üçün potensial Bank müştəriləri ilə görüşlər keçirilib və layihə üzrə seçilmiş müştərilərin fəaliyyətinin auditi aparılaraq onların biznes sahələrinin monitorinqi təşkil edilib.

Bank “Yaşıl Bankçılıq” ticarət nişanı altında Enerji Səmərəliliyi layihələri çərçivəsində kreditlərin verilməsinə 2017-ci ilin əvvəlində başlamağı nəzərdə tutur.