"Report": ​Tarixi maksimuma çatan "Dow Jones"un tədricən azalacağı gözlənilir - PROQNOZ

"Report": ​Tarixi maksimuma çatan "Dow Jones"un tədricən azalacağı gözlənilir - PROQNOZ Yaxın gələcəkdə xammal qiymətlərinin düşməsi ilə əlaqədar indeksin enişə keçməsi proqnozlaşdırılır
Maliyyə
4 Mart , 2015 16:48
Report: ​Tarixi maksimuma çatan Dow Jonesun tədricən azalacağı gözlənilir - PROQNOZ

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ iqtisadiyyatını əks etdirən "Dow Jones" sənaye indeksi dünən, martın 3-də tarixi maksimum səviyyəsi - 18 288 bəndə çatandan sonra bir qədər geriləyərək 18 203 səviyyəsinə enib.

"Report"un analitik qrupu hesab edir ki, dünya iqtisadiyyatında dalğalanmalara baxmayaraq ABŞ-da sabit artım tempinin qorunması və güclü dollar "Dow Jones" indeksindəki yüksəlişin əsas səbəbidir. Daha öncə, 2007-ci ilin oktyabr ayında tarixi maksimum səviyyəsi - 13 930-a qədər yüksələn indeks ABŞ-da başlayan maliyyə bohranı nəticəsində 2009-cu ilin fevral ayında 7 062 bəndə qədər, yəni təxminən 50% enib. Nəticədə bir sıra böyük şirkətlər iflas olub və ABŞ Mərkəzi Bankı kimi tanıdığımız Federal Ehtiyat Sistemi (FED) bir neçə dəfə monetar ekspansiya həyata keçirmək məcburiyyətində qalıb. Nəticədə təklifi xeyli artan dollar digər valyutalar, xüsusilə də avro qarşısında tarixi minimal səviyyəyə 1 EUR/1,58 USD-yə düşüb.

"Dow Jones" indeksi böhranın aradan qaldırılması ilə yenidən stabil iqtisadi artıma qovuşan ABŞ iqtisadiyyatını özündə əks etdirərək yüksəlişə keçib. Gördüyümüz kimi, 7 062 səviyyəsindən artmağa başlayan indeks 18 288-ə qədər, yəni 2,6 dəfə və ya 160% artıb. Yaxın gələcəkdə sənaye şirkətlərini özündə əks etdirən bu indeksin 2015-2016-cı illərdə xammal qiymətlərinin düşməsi ilə əlaqədar enişə keçməsi gözlənilir.

Xatırladaq ki, "Dow Jones" indeksi ABŞ-ın 30 ən iri sənaye şirkətinin birjadakı qiymətlərinin cəbri ortalamasına bərabərdir. İndeks ilk dəfə 26 may 1896-cı ildə dərc olunub və 12 şirkəti əks etdirib. Bu günə qədər indeksdə davamlı təmsil olunan yeganə şirkət "General Electric"dir. İndeks "Wall Street Journal"ın redaktoru və "Dow Index & Company" şirkətinin sahibi Çarlz Dou (Charles Dow) tərəfindən yaradılaraq məhz sonuncunun şərəfinə "Dow Jones" indeksi adlandırılıb. Hazırda indeksdəki şirkətlər ümumi Nyu-York birjasında mövcud şirkətlərin kapitallaşmasının 15%-ni təşkil edir. İndeksin ilk qiyməti 40,94, maksimumu isə 18 288 bənd olub.

Son xəbərlər

Orphus sistemi