Supermarketlər şəbəkəsinin yeni istiqrazlarına 10 investor maraq göstərib
- 28 dekabr, 2021
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manat dəyərində yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 10 investor qiymət intervalı 1002,549 manat (11,1185%) və 1 055,0898 manat (8,9812%) olan, ümumi məbləği isə 14,496 milyon manat təşkil edən 14 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1 054,5834 manat (9,0012%), orta ölçülmüş qiyməti isə 1 054,6035 manat (9,0004%) müəyyən olunub.
Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.