Son 15 gündə e-kassa aparatlarının sayı 10% artıb

Son 15 gündə e-kassa aparatlarının sayı 10% artıb Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.
Maliyyə
205
10 İyun , 2020 10:45
Son 15 gündə e-kassa aparatlarının sayı 10% artıb

Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.

“Report”un əldə etdiyi məlumata görə, bu günə qədər ticarət, ictimai iaşə obyektlərində 15 379 e-kassa quraşdırılıb ki, bu da son 15 gündə 1 355 ədəd, yaxud 9,66% artım deməkdir.

Belə ki, bu kassalar 6 operator tərəfindən 6 102 vergi ödəyicisinə quraşdırılır. Onlar “Az Smart”, “NBA Technologies International”, “CASPOS”, “OMNITECH”, “POS.AZ” MMC-lər və "DATAPAY" QSC-dir.

Qeyd edək ki, ölkə ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Həmin proses "Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli qərarına əsasən həyata keçirilir.

2019-cu il oktyabrın 1-dək olan ikinci mərhələdə bu siyahıya Azərbaycanın bütün şəhər və regionları üzrə mebel satışı üzrə ixtisaslaşmış müəssisələr daxil edilib.

2020-ci il yanvarın 1-dən isə 3-cü mərhələ kimi bütün ölkə ərazisində e-kassaların tətbiqinə keçilib.

Sonuncu – IV mərhələdə isə ölkə üzrə müxtəlif tarixlərdə fərqli regionlarda e-kassalara keçid prosesinin tamamlanması nəzərdə tutulub. Belə ki, bu mərhələdə 2021-ci il aprelin 1-dək Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 2021-ci il oktyabrın 1-nə qədər Abşeron, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan Sabirabad, Naftalan şəhər və rayonlarında olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi nəzərdə tutulub. Burada adı çəkilən şəhər və rayonların kənd və qəsəbələri istisnadır.

2021-ci il dekabrın 31-nə qədər kənd və qəsəbələri istisna olmaqla digər rayon mərkəzlərində olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək. Bu mərhələdə sonuncu tarix isə 2022-ci il dekabrın 31 müəyyən edilib. Belə ki, bu tarixə qədər Azərbaycanın bütün kənd və qəsəbələrində olan (işğal altında olan ərazilər işğaldan azad edildikdən sonra) digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi