SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı davam edir

SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı davam edir Bu həftədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayıb.
Maliyyə
23 Sentyabr , 2021 12:59
SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı davam edir

Bu həftədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayıb.

Oktyabrın 29-na qədər davam edəcək proses çərçivəsində hər birinin dəyəri 1 000 dollar olan 100 000 ədəd borc kağızı potensial investorlara təklif olunur.

SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış köşkləndən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür. Proses "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC istisna olmaqla bütün investisiya şirkətlərini əhatə edib.

5 saylı “Asan Xidmət” mərkəzindəki SOCAR istiqrazlarının abunə yazılışını həyata keçirən investisiya şirkətinin nümayəndəsi Fəridə Qorçuyeva deyir ki, insanların bu qiymətli kağızlara marağı böyükdür. SOCAR-ın təqdim etdiyi bu qiymətli kağızları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək. Belə ki, xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.

SOCAR-ın törəmə şirkəti “SOCAR Capital” MMC-nin xəzinə müdiri Turan Talıbova hesab edir ki, yeni istiqrazlara tələb 5 il əvvəl olduğu kimi təklifdən 2 dəfə çox olacaq. Onun sözlərinə görə, bu istiqrazları əldə edən şəxslər tərəfdaş banklardan qısamüddətli və uzunmüddətli kreditlər əldə etmək imkanı qazanacaqlar.

Bu, SOCAR-ın ölkə daxilində 2-ci istiqraz emissiyasıdır. Belə ki, şirkət ilk dəfə 2016-cı ildə dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz (100 milyon dollarlıq) buraxıb. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib. 5 il müddətinə buraxılmış və gələn ay tədavül müddəti başa çatan istiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödənilir. Bu dəfəki istiqraz emissiyası da eyni şərtlərlə həyata keçiriləcək. Sadəcə istiqrazların illik gəlirliliyi 0,5 faiz bəndi az - 4,5 % təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi