“Silkway Bank” əmanətləri ucuzlaşdırıb
- 21 dekabr, 2016
- 13:01
Bakı. 21 dekabr. REPORT.AZ/ “Silkway Bank” ASC əhalidən həm Azərbaycan manatında, həm də ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, hazırda “Silkway Bank”da 1 il müddətinə hər iki valyutada yerləşdirilən əmanətlərə görə 1,5-3% divident ödənilir. İndiyə qədər bu göstərici manatda 6%, dollarda isə 5% olub.
Yeni qaydalara əsasən, dividentin konkret həddi qəbul edilmiş əmanətin məbləğindən asılıdır. Belə ki, əmanət 100-500 min manat/dollar olduqda gəlirlilik 1,5%, 500 min manat/dollardan çox olduqda isə gəlirlilik 3% təşkil edir. Yeri gəlmişkən, Bankda 100 min manat/dollardan az əmanət qəbul edilmir.
Eyni qaydalar avro əmanətləri üçün də qüvvədədir. Amma bu növ valyutada illik faiz dərəcəsi razılaşma əsasında müəyyən edilir.
Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azalbank"ın hüquqi varisidir. Onun nizamnamə kapitalı 101 544 885 manatdır. Bankın səhmləri “Silkway Holding” MMC-yə və 2 fiziki şəxsə məxsusdur.