Bakı. 13 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı 9 mlrd. ABŞ dolları həcmində islam istiqrazlarının (sukuk) debüt yerləşdirilməsini uğurla başa çatdırıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, istiqrazlar ABŞ dollarında emissiya edilib və nəzərdə tutulandan 1 mlrd. dollar artıq olub. Sukukların yarısı 5 illik müddətə və orta bazar svop faizindən 100 bənd yuxarı yerləşdirilib. İkinci yarısı isə 10 il müddətinə və 140 baza bəndi spredlə satılıb.
Qeyd edək ki, investorların istiqrazlara marağı həddindən artıq yüksək olub. Onlar 33 mlrd. dollarlıq təklif versələr də, S.Ərəbistanı bunun 27,3%-ni təmin edib. Xatırladaq ki, S.Ərəbistanı bu il üçün büdcə kəsirini 53 mlrd. dollar həcmində proqnozlaşdırıb. Məhz bu səbəbdən ölkənin daxili və xarici borc bazarına çıxaraq kəsiri maliyyələşdirmək üçün vəsait axtardığı bildirilir. 2018-ci ilin II yarısında S.Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin səhmlərinin 5%-ni özəlləşdirməsi gözlənilir.