Ruslan Xəlilov: “Dövlət müəssisələrinin özəl sərmayələrə açılması kapital bazarında dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ

Ruslan Xəlilov: “Dövlət müəssisələrinin özəl sərmayələrə açılması kapital bazarında dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ Azərbaycanda son illər maliyyə sektorunun, o cümlədən kapital bazarının inkişafı ilə bağlı bir sıra addımlar atılır. "Bakı Fond Birjası" QSC (BFB) də bu prosesə töhfə verməyə çalışır. Bir qədər əvvəl Birja 3 illik (2024-2026-illər üzrə) strateji inkişaf p
Maliyyə
28 İyun , 2024 14:14
Ruslan Xəlilov: “Dövlət müəssisələrinin özəl sərmayələrə açılması kapital bazarında dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ

Azərbaycanda son illər maliyyə sektorunun, o cümlədən kapital bazarının inkişafı ilə bağlı bir sıra addımlar atılır. "Bakı Fond Birjası" QSC (BFB) də bu prosesə töhfə verməyə çalışır. Bir qədər əvvəl Birja 3 illik (2024-2026-illər üzrə) strateji inkişaf planını açıqlayıb. BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov “Report”a müsahibəsində həmin plan, eləcə də ölkənin kapital bazarında baş verən və gözlənilən yeniliklər barədə sualları cavablandırıb.

- İlk növbədə strateji inkişaf planınız barədə danışardınız. Bu planla BFB kapital bazarının inkişafında hansı yeri tutacaq?

- Məlum olduğu kimi, Azərbaycanda maliyyə sektorunun mühüm hissəsini banklar və sığorta şirkətləri təşkil edir. Geniş əhali kütləsi arasında bank və sığorta məhsullarına olan tələb investisiya məhsulları ilə müqayisədə xeyli yüksəkdir. Bir tərəfdən korporativ sektor daha anlaşıqlı və əlçatan olan bank maliyyələşməsindən istifadəyə üstünlük verir, digər tərəfdən də əhali arasında aktivlərinin dəyərini qorumaq, eləcə də yığım vasitəsi kimi bank və sığorta məhsullarından geniş istifadə olunur. Kapital bazarı daha çox istiqrazlar və səhmlər kimi kütləvi buraxılış məhsulları üzərində qurulduğundan daha uzun və ciddi bir proses tələb olunur. İstiqraz buraxmaq istəyən şirkət maliyyə hesabatlarını mütləq qaydada audit yoxlamasından keçirməli və ictimaiyyətə açıqlamalı olduğu kimi bir çox əlavə normativ tələblərə cavab verməli olur ki, bu da korporativ sektor içərisində bu cür maliyyələşmə vasitəsinə istəksizlik əmələ gətirir. Nəticədə istər yığım, istərsə də maliyyə cəlb edilməsi üçün kapital bazarı bank sektoruna nisbətən dəfələrlə az istifadə olunur.

BFB-nin yeni srtrateji inkişaf planı həm şirkətlər, həm də investorlar üçün maliyyələşmə və yatırım etmə şəraitini mümkün qədər asanlaşdırmaqla Azərbaycan kapital bazarının daha da canlandırılmasına xidmət etməyi hədəfləyir. Bu məqsədlə istiqraz və səhm emissiyaları prosesi daha da sadələşdirilməklə, investorların bazara mümkün qədər sürətli çıxışı təmin olunmaqla potensial istiqraz və səhm dövriyyəsi artımına dəstək olmağı hədəfləyirik. Strateji inkişaf planı, daha öncə də açıqlandığı kimi, istiqraz və səhm emissiyalarının, eləcə də maliyyə savadlılığının artırılmasına yönləndirilmiş 7 əsas təşəbbüs üzərində qurulub. Sözügedən təşəbbüslərin həyata keçirilməsi üçün BFB Korporativ idarəçiliyin qurulması, İT infrastrukturu və rəqəmsallaşma, Risklərin idarə edilməsi kimi üç əsas istiqamətdə təşkilati transformasiyanın həyata keçirilməsini planlayır. Məqsədimiz həm investor, həm də maliyyə cəlb edən tərəflər üçün rəqəmsal, şəffaf və sürətli ticarət platformasının və bazar infrastrukturunun yaradılmasıdır.

- Şəffaf və rəqəmsal bazar infrastrukturu dedikdə tam olaraq nəyi nəzərdə tutursunuz?

- BFB hazırda yeni elektron ticarət sisteminin işə salınması üzərində çalışır. Birjanın 12 üzvü var ki, bunlar da Azərbaycan Mərkəzi Bankının (AMB) müvafiq lisenziyası ilə fəaliyyət göstərən investisiya–broker şirkətləridir. Həmin şirkətlərin BFB-nin ticarət sisteminə birbaşa çıxışları var və öz müştərilərinin adından birjanın listinqində olan şirkətlərin səhm və istiqrazları ilə alqı-satqı əməliyyatlarını həyata keçirə bilirlər. Rəqəmsallaşmanın bir sonrakı mərhələsi həmin investisiya şirkətlərinin öz elektron ticarət sistemlərinin birjanın ticarət sisteminə qoşulması və müştərilərinə öz sistemləri üzərindən BFB-nin ticarət sistemində istədikləri qiymətli kağızları alıb-satma rahatlığını təmin etməkdir. Daha sonrakı mərhələdə ticarət sisteminə Azərbaycanda fəaliyyət göstərən bankların mobil əlavələri üzərindən də çıxışının təmin olunması planlaşdırılır. Bütün bu proseslərin həyata keçirilməsi tək BFB-dan yox, həm də mobil əlavəsi qoşulması planlaşdırılan bankın və ya investisiya şirkətinin bu cür ticarət sisteminə qoşulma hazırlığından asılıdır.

Digər bir tərəfdən BFB istiqraz və ya səhm emissiya edən müəssisələrin öz ticarət sistemində listinqə alınmasından və həmin şirkətlər barədə tam və şəffaf məlumatların təmin olunmasından məsuldur. Bu cür məlumatlara korporativ idarəçilik, maliyyə hesabatları, inkişaf strategiyası və digər bu kimi investor üçün əhəmiyyət kəsb edən məlumatlar daxildir. Bu tipli məlumatların vaxtlı-vaxtında Birjanın qaydalarına müvafiq şəkildə açıqlanması mütləqdir. İnvestorların yatırım edəcəkləri müəssisələr, emitentlər barədə tam şəffaf və ətraflı məlumata çıxışı olmalıdır. Bu yönümdən BFB-nin daxili qaydaları investor maraqlarının qorunmasına və məlumat şəffaflığının daha da gücləndirilməsinə xidmət etməlidir.

- Səhm və istiqraz emissiyalarından söz düşmüşkən, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bir qədər əvvəl yeni səhmlərini kütləvi təklif üsulu ilə satışa çıxardı. Bu emissiya kapital bazarının inkişafına nə verəcək?

- İlk öncə onu qeyd etmək istərdim ki, dövlət müəssisələrinin özəl sərmayələrə açılması bir çox inkişaf etmiş ölkələrdə kapital bazarlarının inkişafına əsaslı dəstək verib. Prezident İlham Əliyevin 31 avqust 2023-cü il tarixli “Dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə 7 dövlət müəssisəsinə özəl sərmayələrin cəlb edilməsinə qərar verilib.

ABB-nin dövlət payının kütləvi səhm emissiyası hesabına azaldılması özlüyündə kapital bazarı üçün tarixi dönüş noqtəsi rolunu oynaya bilər. Sözügedən emissiya maksimum dərəcədə geniş əhali kütləsinin ABB-nin səhmlərinə sahib olması üçün strukturlaşdırılıb. Belə ki, səhmlərə açıq abunə yazılışı artıq başlamış və 3 ay müddətində davam edəcək. Hər bir abunə yazılışına maksimal 75 000 səhm sayı limiti qoyulub ki, bu da səhmlərin mümkün qədər geniş əhali kütləsi arasında paylanmasına zəmin yaratmış olur. Belə ki, heç bir investor öz əlində olan vəsaitin çoxluğundan istifadə edib daha çox səhmə sahib ola bilməyəcək. Fikrimcə, bu özlüyündə Azərbaycan səhm - kapital bazarında bu günkü dövrə qədər fiziki şəxslərin iştirakını rahatlaşdıran ən önəmli emissiya olaraq tarixə düşmüş olacaq.

- Azərbaycanda kapital bazarı haqqında ictimaiyyət yetərincə məlumatlı deyil. BFB bu istiqamətdə hansı tədbirləri həyata keçirəcək?

- Hazırda Azərbaycan kapital bazarı haqqında ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasına ehtiyac var. BFB-nin yeni 3 illik strategiyasında maarifləndirmə təşəbbüsləri görüləcək əsas prioritet işlərdən hesab olunur. Bu istiqamətdə maarifləndirmə tədbirlərini birgə təşkil etmək, planlaşdırmaq üçün banklar və investisiya şirkətləri ilə əməkdaşlıq etmək, media kampaniyalarını keçirmək, ekspertlərin iştirakı ilə seminarlar təşkil etmək, KİV və sosial media nümayəndələri ilə yaxından əməkdaşlıq etmək kimi tədbirlər planlanıb. Bundan əlavə biz AMB, "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyi ilə yaxından əməkdaşlıq edərək birgə səylərlə ictimaiyyətin kapital bazarı haqqında maarifləndirilməsi səviyyəsinin artırılması və gücləndirilməsi işlərini planlamışıq.

- BFB adətən illik maliyyə hesabatını mayın əvvəlində açıqlayardı. Bu il isə hələ açıqlamayıb. Gecikmə nə ilə bağlıdır?

- Cari transformasiya prosedurlarını nəzərə alaraq maliyyə hesabatlarının iyul ayının ilk həftəsində açıqlanması planlaşdırılır.

- Fondun dividend siyasəti nədən ibarətdir?

- Qeyd etdiyim kimi, strateji inkişaf planının əsas hədəfi mümkün qədər maliyyə savadlılığını və kapital bazarlarında dövriyyə artımını dəstəkləməyi hədəfləyir. Bu cür hədəflər həmçinin birja infrastrukturunun müasir rəqəmsal tələblərə cavab verməsi və kapital bazarının maksimum əlçatanlığının təmin edilməsi yönümündə işlər tələb edir. Görüləcək işlərin nəticəsindən və əldə olunacaq maliyyə göstəricilərindən asılı olaraq dividend ödənişi qərarı BFB-nin səhmdarlarının Ümumi Yığıncağı tərəfindən qəbul oluna bilər.

- BFB-də bağlanılan əqdlərin ümumi əqdlərdə payı nə qədərdir? Birja sövdələşmələri öz platformasına cəlb etmək üçün hər hansı işlər görürmü?

- 2023-cü ildə ümumi reallaşan əqd sayı 13 545 olub ki, bunun da 12 918-i Birjada baş tutub (95 %-dən çox). Qeyd olunan göstərici BFB-nin mütəşəkkil kapital bazarında mühüm mövqedə olduğunu özündə əks etdirir. Bu istiqamətdə əlavə olaraq qeyd etmək olar ki, BFB-nin İdarə Heyətinin qərarı ilə səhm bazarının təşviq edilməsi məqsədi ilə ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər 1 iyul 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinə qədər listinq haqqından azad edilir.

Son xəbərlər

Orphus sistemi