Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiya Maliyyə Nazirliyi rublun əlavə 10% devalvasiya olunması təklifi ilə çıxış edib.
"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, bu məlumat "Reuters" agentliyi tərəfindən verilib.
Nazirlik büdcənin əsas parametrləri üzrə hesablamalar aparıb və neft-qaz satışından əlavə gəlirlərin yaranması halında onların Ehtiyat Fondu və ya Milli Rifah Fonduna yönəldiləcəyini bildirib.
Rusiyanın 2017-ci il büdcəsində neftin orta illik satış qiyməti 40 dollar/barel nəzərdə tutulub. Maliyyə Nazirliyi hesab edir ki, əlavə gəlirlərin fondlarda toplanması "təhlükəsislik yastığı"nın formalaşması ilə bərabər rublun kəskin möhkəmlənməsinin qarşısını alacaq. Qurum hesab edir ki, neftin büdcədə nəzərdə tutulan qiyməti ilə dolların orta illik məzənnəsi 69,42 RUB/USD, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi isə 3% olacaq. Fondların büdcəyə transferləri isə 1,8 trln. rubl və ya 30 mlrd. dollar təşkil edəcək.
Neftin cari qiyməti ilə isə büdcə kəsiri ÜDM-in 1,5%-i, ehtiyat fondlarının xərcləri 464 mlrd. rubl və ya 7,7 mlrd. dollar təşkil edəcək. Nazirlik hesab edir ki, büdcə tənzimləmələri və devalvasiya olmadan büdcə kəsiri neftin 76 dollar/barel səviyyəsində tarazlıq tapa bilər. Lakin, əgər rubl devalvasiya olunarsa tarazlıq vəziyyətinə neftin 61 dollar/barel qiymət səviyyəsində çatmaq olar.