Bakı. 16 aprel. REPORT.AZ/ Rusiya Maliyyə Nazirliyi 2016-cı ilin büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, büdcəyə düzəliışlər qeyri-sosial xərclərin 10% azaldılması və anti-böhran tədbirlərini nəzərdə tutub. Bu barədə Agentliyə maliyyə naziri Anton Siluanov bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyinin büdcəyə düzəlişlərlə bağlı qanun layihəsi artıq hazırdır və hökumətin təsdiqini gözləyir.
"İnterfax" agentliyindən bildiriblər ki, düzəlişlərdən sonra büdcədə neftin baza qiyməti 40 dollar/barel, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi isə 3% olacaq. Qeyd edək ki, hazırda büdcədə neftin baza qiyməti 50 dollar/bareldir.
A.Siluanov həmçinin özəlləşdirmə gəlirlərinə toxunaraq qeyd edib ki, 2016-2017-ci illərdə Maliyyə Nazirliyi özəlləşdirmədən 1-1,5 trln. rubl (22,4 mlrd. dollar) vəsait əldə etməyi planlaşdırır. Özəlləşdirmə ilk növbədə "Rosneft", "Başneft", "Alrosa" şirkətlərini əhatə etsə də, "VTB Bank"ın da bu siyahıya qatılması mümkündür.
Büdcə xərcləri üzrə sekvestrin 490 mlrd. rubl (7,3 mlrd. dollar) həcmində vəsaitə qənaət edilməsinə gətirib çıxaracağı proqnozlaşdırılır. İlkin olaraq builki büdcənin gəlirləri 13,738 trln. rubl (205 mlrd. dollar), xərcləri 16,099 trln. rubl (240 mlrd. dollar), büdcə kəsiri isə ÜDM-in 3%-i (2,36 trln. rubl və ya 35,2 mlrd. dollar) səviyyəsində təsdiq olunub.