Risklərin idarə edilməsində ən effektiv vasitə - SIĞORTA
- 10 yanvar, 2022
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Risk müasir dünyada özünü müxtəlif forma və səviyyələrdə göstərir. Gündəlik həyatında hər bir insan risklərlə əhatələnib: xəstələnməkdən tutmuş iş yerini itirməyə qədər. Adi qərarlar alarkən belə hər birimiz qeyri-müəyyənliklərlə qarşılaşırıq. Yeri gəlmişkən, qeyri-müəyyənlik sözü risk anlayışına sinonim kimi də qəbul olunur.
Risk və qeyri-müəyyənlik daha çox bizneslə bağlı anlayışdır. Hər bir şirkətin meneceri gündəlik olaraq satış, satınalma, istehsalın və digər şöbələrin işinin təşkili ilə bağlı qərarlar qəbul edərkən bu riskləri nəzərə almalıdır. Bunlara bazardakı dəyişikliklər, rəqiblərin fəaliyyəti, dəyişən istehlakçı seçimləri, ekoloji problemlər, qanunvericilikdən irəli gələn məhdudiyyətlər və s. amillər aiddir.
Dövlətin fəaliyyəti də müxtəlif risklərin yaranması və həyata keçirilməsi ilə bağlıdır. Dövlətin funksiyalarından biri müəyyən növ risklərdən əhalinin qorunmasıdır. Bundan əlavə, hökumət qurumlarının özləri də risklərlə üzləşə bilərlər.
Riskləri idarə etmək nə dərəcədə mümkündür? Bunun bir mexanizmi varmı?
Hazırda risklərin idarə edilməsi vasitəsi olaraq ən yayılmış və güvənli yol sığortadır. Sığortanı həm fərdi həyatımıza, həm də biznesimizə tətbiq edə bilərik. Eyni zamanda, dövlət də bu vasitədən müxtəlif səviyyələrdə yararlanır.
Sığorta bir mədəniyyətdir
Sığorta—sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlər məcmusu olmaqla yanaşı, həm də bir ənənə, mədəniyyətdir. Belə ki, sığorta ənənələrinə illərdir sahib olan cəmiyyətlər olduğu kimi, ondan, onun üstünlüklərindən xəbərsiz olanları da var. Təbii ki, ənənə və mədəniyyətlərin formalaşması asan proses deyil. Bir çox cəmiyyətlərdə müsbət ənənələr belə bəzi məcburiyyətlərdən keçərək formalaşıb. Elə sığorta da bu qəbildəndir.
Azərbaycanda da sığortaya etimad, ondan yararlanmaq düşüncəsi təkmilləşmə prosesindədir. Bu baxımdan icbari sığortanın daha çox inkişaf etməsi də qanunauyğundur. Amma reallığa gəlincə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası istisna olmaqla, digər sığorta növlərində vəziyyət hələ də arzulanan səviyyədə deyil.
Qeyd etmək lazımdır ki, şirkətlərin, xüsusilə də bank və maliyyə qurumlarının sığortalanmasında adətən problemlər yaşanmır. Çünki bazarda mövqeyi olan etibarlı şirkətlərin hər birində sığortaya ciddi münasibət var. Belə ki, hər hansı bir təşkilatın rəhbərliyi şirkətin risk profilini təyin edərkən, ilk növbədə, bütövlükdə şirkəti təhdid edən ən əhəmiyyətli risklərin təhlilini aparır. Təhlillərin nəticələrinə əsasən, hansı risklərin məqbul hesab edilib-edilməməsi və onların baş verməsindən nə qədər zərərin qarşısını almağın mümkünlüyü ortaya çıxır. Daimi monitorinq nəzarət sisteminin ən vacib komponentidir, lakin onun funksiyaları bununla məhdudlaşmır. Getdikcə böyük təşkilatlar adi nümunələrə uyğun gəlməyən yeni risk növləri ilə üzləşirlər. Məsələn, 2020-ci ildə ortaya çıxmış pandemiya nəinki hansısa təşkilatın, ümumiyyətlə, bəşəriyyətin ağlına gəlməyəcək risklərdən oldu.
Sığorta sahəsində boşluq - maarifləndirmə
Bəs vətəndaşları risklərini idarə etmək prosesində sığortaya təşviq etmək üçün ehtiyac duyulan amil nədir?
Hazırda bu sahədə hüquqi baza ilə bağlı problemin olduğunu demək ədalətsizlik olar. Eyni zamanda, sığorta təşkilatlarının fəaliyyəti üçün də görünən bir baryer yoxdur. Bəs niyə ölkəmizdə sığorta mövzusu adətən fövqəladə hadisələrdən (ticarət obyektlərinin yanması, əkin sahələrinə dolu düşməsi, təbiət hadisəsi nəticəsində yaşayış yerinin dağılması və s.) sonra gündəm olur?
2019-cu ildə ticarət obyektlərindən birində baş vermiş yanğından sonra ölkə başçısı İlham Əliyev keçirdiyi müşavirədə sığorta sahəsindəki problemlərdən söz açmışdı:
“Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.
Bəli, bu boşluğu doldurmaq üçün Azərbaycan hökuməti dəfələrdə humanist addımlar ataraq ziyan çəkən insanlara yardım edib. Amma əfsuslar olsun ki, bu addım əks nəticə verib. Necə deyərlər, həddindən artıq edilən yaxşılıq pislikdir. Belə ki, bir çox hallarda dövlətin bu addımı müstəsna hal kimi yox, elə borc kimi qəbullanıb. Ona görə də ziyana uğramış vətəndaş növbəti belə hadisələrdən sığortalanmaq əvəzinə, əvvəlki kimi davam etməyə üstünlük verir.
Hazırda risklərin idarə edilməsində sığortaya müraciətin istənilən səviyyədə olmamasının əsas səbəbi bu sahədə maariflənmənin, təbliğatın azlığıdır. Xüsusilə də sadə vətəndaşlar arasında sığorta növləri, onların gətirdiyi üstünlüklər haqqında bilgilər sıfır dərəcəsindədir. Burada məsuliyyət həm sığorta təşkilatlarının, həm mətbuatın, həm də bütövlükdə dövlətin üzərinə düşür. Axı sığortalanmayan, risklərini idarə etməyi bacarmayan hər bir vətəndaş sonda dövlətin özü üçün riskdir.
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün hazırlanıb.