​"Report" dolların Azərbaycan üçün real məzənnəsini müəyyənləşdirib - TƏHLİL

​"Report" dolların Azərbaycan üçün real məzənnəsini müəyyənləşdirib - TƏHLİL Azərbaycan manatının devalvasiyası minimum 1,43 AZN/USD-yə qədər davam edə bilər
Maliyyə
18 Mart , 2015 16:54
​Report dolların Azərbaycan üçün real məzənnəsini müəyyənləşdirib - TƏHLİL

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda 2006-2014-cü illər ərzində nominal inflyasiya 85,5% olub. Mərkəzi Bankın (AMB) 2005-ci ilin sonunda 1:5000 miqyasında həyata keçirdiyi milli valyutanın denominasiyasından sonra 2006-cı il yanvarın 3-də ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 0,9184 AZN/USD (yeni qiymət miqyasında) olub.

"Report"un analitik qrupu tərəfindən aparılan araşdırmaya əsasən, 2006-cı ilin əvvəlində vətəndaşın 100 manata əldə etdiyi istehlak malları səbəti sonrakı 9 il ərzində baş verən inflyasiya nəzərə alınmaqla 2015-ci ilin yanvarında 185,53 manata qədər bahalaşıb, yəni manatın alıcılıq qabilliyyəti adekvat şəkildə zəifləyib.

Azərbaycanda ABŞ dollarının alıcılıq qabiliyyətinin müəyyənləşdirilməsi üçün isə ilk öncə Birləşmiş Ştatlarda 2006-2014-cü illərdə qeydə alınan inflyasiya nəzərə alınmalıdır ki, dolların öz vətənində nə dərəcədə dəyərdən düşdüyü müəyyənləşsin. Təhlil olunan illər ərzində dolların alıcılıq qabiliyyəti 19,3% aşağı düşüb. Bunu nəzərə aldıqda Azərbaycanda 2006-2014-cü illərdə real inflyasiyanın (dollar ifadəsində) 55,5% olduğunu görürük. Yəni xaricdən idxal olunan inflyasiya çıxıldıqdan sonra Azərbaycanda qiymətlər 2006-2015-ci illər arasında 55,5% artıb.

Bütün bu göstəricilər Azərbaycanda dolların hazırda real məzənnəsinin ən azı 1,4280 AZN/USD təşkil etdiyini göstərir.

Mütləq AQP (alıcılıq qabiliyyəti pariteti) yanaşması diqqətə alındıqda da təxmınən eyni göstərici ortaya çıxır. Bu yanaşmaya əsasən, S=P*/P. Burada S - nominal valyuta məzənnəsi, P*- ticarət tərəfdaşı olan ölkələrdə qiymət dəyişməsi, P - ölkə daxilindəki qiymət səviyyəsidir.

Əsas ticarət tərəfdaşı olan ölkələrdə 2006-2015-ci illərdə (01.02.2015-ci ilə qədər) qiymətlər 189% artıb. Azərbaycanda isə qiymət artımı 85,53% olub. Nəticədə dolların nominal məzənnəsi 1,5577 manata bərabər olur.

"Report"un analitik qrupu hesab edir ki, Azərbaycanda açıq bazar şəraitində manatın devalvasiyasının 1,4280-1,5577 AZN/USD həddinə qədər davam edəcəyi istisna olunmur. Qeyd edək ki, bu gün, martın 18-də dolların rəsmi məzənnəsi 1,0488 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi