Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il Fəaliyyəti boyunca Azərbaycanın hər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi-mənəvi dəstək göstərən, ölkədə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür
Maliyyə
18 Dekabr , 2024 11:58
Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Fəaliyyəti boyunca Azərbaycanın hər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi-mənəvi dəstək göstərən, ölkədə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür. Fond ötən gün bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirib.

"Kapital Bank" ASC-nin nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri giriş sözü ilə Fondun prezidenti Yusif Poladov açıb. O, çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların müdafiəsi” istiqamətlərində Fondun 2024-cü ilə dair hesabatını təqdim edib. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər də yer alıb. Belə ki, bu il Fonda 4 505 donor ümumilikdə 1 milyon 870 min manat ianə edib. Toplanan vəsaitlər sayəsində 196 könüllünün iştirakı ilə 4 019 benefisiara dəstək göstərilib.

Tədbirdə "Kapital Bank"ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova çıxış edərək Bankın korporativ sosial məsuliyyət strategiyasında Qırmızı Ürəklər Fondunun rolundan danışıb: "Fondunuideyası bir neçə əməkdaşın təşəbbüsü ilə yaranıb. 4 il çox uzun vaxt olmasa da Fond bu müddətdə ətrafına xeyli könüllü toplaya, böyüyə və cəmiyyətimiz üçün çox dəyərli işlərə imza ata bildi. Bu olduqca əzmli və qürurverici yol oldu. Mən bu yolda bizimlə davam edən bütün könüllülərimizə, dəstək göstərən xeyirxah insanlara təşəkkürümü bildirirəm”.

Tədbirdə həmçinin Fondun Himayəçilik Şurasının üzvü Günay Məssimova Fondun uğurlarında könüllülərin rolundan danışaraq onlara təşəkkürünü bildirib.

Tədbir çərçivəsində Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermiş şirkətlər yeni təsis edilən “Red Hearts Award” mükafatı ilə təltif edilib. Mükafatlandırılanlar sırasında “PAŞA Həyat”, PAŞA Bank”, “PAŞA Investments”, “PashaPay”, “PAŞA Technology” və “PMD Group” şirkətləri də yer alıb. Eyni zamanda Fondun könüllülük fəaliyyətinə dəstək vermiş, layihələrdə təşəbbüsləri ilə fərqlənən könüllülərə, eləcə də "Kapital Bank"ın filial rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

Qırmızı Ürəklər Fondu 2019-cu ildə "Kapital Bank"ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Son xəbərlər

Orphus sistemi