"PwC Azerbaijan" MİDA-nın kənar auditoru seçilib

"PwC Azerbaijan" MİDA-nın kənar auditoru seçilib Müşahidə Şurası tərəfindən, həmçinin bir sıra digər qərarlar qəbul olunub
Maliyyə
30 Yanvar , 2017 11:45
PwC Azerbaijan MİDA-nın kənar auditoru seçilib

Bakı. 30 yanvar. REPORT.AZ/ “Pricewaterhouse Coopers Audit Azerbaijan” şirkəti “MİDA" MMC-nin kənar auditoru təyin edilib. “Report” xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin Müşahidə Şurasının növbəti iclasında qərar qəbul olunub.

İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə “MİDA” MMC-nin direktorunun ötən müddət ərzində Cəmiyyət tərəfindən görülən işlər barədə hesabatı dinlənilib. Hesabat əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirləri, inşa olunacaq mənzillərin ölkə başçısının 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “MİDA” MMC-nin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq satışına hazırlıq işlərini və bir sıra digər təşkilati məsələləri əhatə edib.

Tədbir çərçivəsində, həmçinin “MİDA” MMC-nin 2017-ci ildə perspektiv inkişafının əsas istiqamətləri Müşahidə Şurası tərəfindən təsdiq olunaraq, bununla bağlı fəaliyyət planının hazırlanması və icrasının təşkili üzrə Cəmiyyətə tapşırıqlar verilib. Qarşıya qoyulan əsas vəzifələr arasında cari ilin mayın 1-nə istifadəyə veriləcək “Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, qeydiyyat prosesi, tələb olunan sənədlər və ödəniş şərtləri ilə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, müraciət edən vətəndaşların məmnunluğu səviyyəsinin “MİDA” MMC-nin işinin əsas keyfiyyət göstəricilərindən biri olduğu vurğulanıb, vətəndaşlara göstəriləcək xidmətlərin müvafiq standartlara uyğun şəkildə təşkili ilə bağlı da məsələlərə toxunulub.

Müşahidə Şurası tərəfindən, həmçinin daxili audit şöbəsinin işinin təşkili ilə bağlı bir sıra qərarlar qəbul edilib, habelə MMC-nin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq təşkilatın seçilməsi ilə bağlı keçirilmiş kotirovka sorğusunun nəticələri dəyərləndirilib və “Pricewaterhouse Coopers Audit Azerbaijan” şirkəti “MİDA”-nın kənar auditoru qismində təyin edilib.

Son xəbərlər

Orphus sistemi