Proqnoz: ​Avronun məzənnəsi yüksələ bilər

Proqnoz: ​Avronun məzənnəsi yüksələ bilər "Report": Neft və avronun ucuzlaşması isə Azərbaycanda dolların məzənnəsini 1,60 AZN/USD-yə çatdıra bilər
Maliyyə
11 Dekabr , 2015 14:30
Proqnoz: ​Avronun məzənnəsi yüksələ bilər

Bakı. 11 dekabr. REPORT.AZ/ Avronun məzənnəsinin dünya valyuta bazarında yaxın 1 il ərzində digər valyutalarla müqayisədə artması proqnozlaşdırılır. Buna səbəb, dekabrın 3-də Avropa Mərkəzi Bankının (AMB) monetar ekspansiya qərarının "yumşaq" olması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini dekabrın 16-da artırma qərarı yüksək ehtimaldır. 

"Report"un məlumatına görə, investorlar AMB-nin istiqraz alışı proqramı çərçivəsində aylıq həcmi artıracağını ehtimal edildiyi bir vaxt, Bank yalnız proqramın müddətinin uzadılmasına qərar verib. Nəticədə, avro dollarla müqayisədə 3 dekabr tarixində 3%-dən artıq möhkəmlənib və məzənnəsi 1,0613 USD/EUR səviyyəsindən 1,0941 USD/EUR-a yüksəlib. 

İnvestorlar FES-in gələn həftə uçot dərəcəsini artırması qərarından sonrakı hərəkətlərini, yəni növbəti faiz artımını daha uzaq gələcəkdə və yumşaq olacağını proqnozlaşdırdıqlarından, dolların zəifləyəcəyi, avronun isə möhkəmlənəcəyi ehtimal edilir.

"Report"un analitik qrupu hesab edir ki, 2016-cı ildə avro dollarla müqayisədə 10%-ə yaxın güclənə və məzənnəsi 1,20 USD/EUR səviyyəsinə qədər yüksələ bilər. Bu, FES-in dekabrın 15-16-da keçirəcəyi iclasda verəcəyi bəyanatlardan və ABŞ iqtisadiyyatının gələcək vəziyyətindən asılı olacaq. Məzənnənin istiqamətini təyin etməsi üçün onun 1,1260 USD/EUR səviyyəsini aşması tələb olunur. Bu halda məzənnənin 1,20-1,22 USD/EUR-a kimi yüksəlməsini gözləmək olar. Uzunmüddətli perspektivdə isə avronun məzənnəsinin daha əvvəl qeyd etdiyimiz kimi 0,85-0,90 USD/EUR səviyyəsinə kimi geriləməsi gözlənilir.

Qeyd edək ki, avronun 1,20-1,22 USD/EUR səviyyəsinə qədər yüksəlməsi manatın məzənnəsinə təsiri məhdud olacaq. Çünki burada əsas diqqət edilməli olan məqam neft qiymətləri olacaq. Avronun məzənnəsinin zəifləməsi isə neftin qiymətindən asılı olmayaraq manatın məzənnəsinin zəifləməsinə gətirib çıxaracaq. Avronun məzənnəsinin 0,85-0,90 USD/EUR diapazonuna qədər geriləməsi manatın dollara qarşı məzənnəsinin 1,20-1,25 AZN/USD həddinə qədər yüksəlməsinə səbəb olacaq. Bu proqnoz neftin qiymətinin 40-50 dollar/barel səviyyəsində qalması halında mümkün olacaq. Əgər neft 30-40 dollar/barelə, USD/EUR da 0,85-0,90 səviyyəsinə kimi geriləyərsə, manat/dollar məzənnəsi 1,55-1,60 AZN/USD səviyyəsinə qədər arta bilər. Çünki bu halda qonşu ölkələrin milli valyutalarının devalvasiyası və büdcə gəlirlərinin azalması gözlənilir.

Son xəbərlər

Orphus sistemi