“PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 60,532 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,3% azdır.
9 ay ərzində “PAŞA Bank”ın gəlirləri 225,975 milyon manat (illik müqayisədə 14% çox), xərcləri 135,258 milyon manat (26,4% az), xüsusi ehtiyatlara ayırmaları 9,216 milyon manat (40,1% az), mənfəət vergisi ödəmələri isə 20,969 milyon manat (88,7% çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 4 868,963 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Bunun 2 002,811 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,3% böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 11,2% artaraq 4 352,556 milyon manata, o cümlədən depozit portfeli 9,2% artaraq 3 616,210 milyon manata, balans kapitalı isə 10,1% artaraq 516,408 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% artıraraq 354,512 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmləri "PAŞA Holdinq" və "Ador" MMC-lərə, eləcə də Arif Paşayevə məxsusdur.