"PAŞA Bank"ın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

Maliyyə
  • 19 noyabr, 2026
  • 17:00
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

"PAŞA Bank"ın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib.

Tədbirdə ölkənin strateji investisiya layihələrinin maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlərdən istifadə imkanları, beynəlxalq maliyyə institutlarının (IFI) və inkişaf maliyyə institutlarının (DFI) bu prosesdə rolu, eləcə də yerli və beynəlxalq maliyyə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirin açılışında "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov çıxış ediblər. Çıxışlarda Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və biznes subyektləri üçün uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

"PAŞA Holdinq"in qrup üzrə baş iqtisadçısı Elman Eminov "Azərbaycan iqtisadiyyatına baxış" mövzusunda təqdimatla çıxış edərək ölkənin makroiqtisadi inkişaf perspektivləri, investisiya mühiti və iqtisadi artım tendensiyaları barədə məlumat verib. "PAŞA Bank"ın Maliyyə İnstitutları bölməsinin rəhbəri Mirsəyyad Mahmudov isə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda təqdimatla çıxış edərək ölkədə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarından bəhs edib.

Tədbirdə iqtisadiyyatın müxtəlif strateji sahələri əhatə edən investisiya layihələri təqdim olunub. "AgroDairy" şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Elnur Əliyev "Azərbaycanın ərzaq təhlükəsizliyinə investisiyalar: irimiqyaslı layihələrə ümumi baxış" mövzusunda çıxış edərək şirkətin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində həyata keçirdiyi layihələr və təşəbbüslər haqqında məlumat verib.

"PASHA Real Estate" şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Vüqar Axundov "PASHA Real Estate": fəaliyyət istiqamətləri, inkişaf strategiyası və əməliyyat modeli" mövzusunda təqdimatla çıxış edib.

"Azerbaijan Green Energy Company" (AGEC) tərəfindən "Bərpa olunan enerji layihələri" mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanın yaşıl enerji gündəliyi, həyata keçirilən layihələr və bu sahədə mövcud investisiya imkanları haqqında məlumat verilib.

Tədbirin əsas hissələrindən biri yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarına həsr olunmuş panel müzakirəsi olub. "PAŞA Bank"ın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyevin moderatorluğu ilə keçirilən paneldə LBBW, "Nuqi Digital Wealth" Ltd, "Moonwake Investment" və "Veysəloğlu" Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.

"PAŞA Bank" yerli bizneslərin uzunmüddətli maliyyələşmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və ölkə iqtisadiyyatı üçün əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə dəstək istiqamətində fəaliyyətini davam etdirir.