İkinci rübün sonuna Azərbaycanda icbarı sığorta növləri üzrə çox da sərt azalma və ya artımların olacağı gözlənilmir.
Bu barədə "Report"a müsahibəsində İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib.
"Mülayim templərin olacağı gözlənilir. "Yaşıl kart" avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar analizlər apararkən sığortalıların sayında çox kiçik həcmdə azalma müşahidə etdik. Sığorta müqavilələrin sayında isə daha kiçik bir azalma var idi. Çünki ölkədən yük daşıyan nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat növlərinin giriş-çıxış qadağası var. Yük nəqliyyat vasitələrinin sığortalanmasında isə artım olub. Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarında bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,6% və 5,3% artım qeydə alınıb", - İSB-nin icraçı direktoru bildirib.
R.Əhmədov avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə gözləntiləri bölüşüb:
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında da hərəkətlərin mülayim olacağını düşünürük. Çünki bu bir icbari sığorta növüdür və xüsusilə pandemiya ilə əlaqədar tədbirlərin yumşalması nəqliyyat vasitələrinin daha çox istifadə edilməsinə səbəb olacaq. Bu da icbari sığortaya olan tələbin azalmış hissəsinin təkrar bərpa edilməsinə səbəb olacaq. Nəqliyyat vasitəsini istifadə etmirsinizsə, bu o deməkdir ki, məsuliyyətinizin əmələ gəlmə ehtimalı yoxdur və siz sığorta təminatını almaya bilərsiniz. Ona görə də istifadə olunmayan nəqliyyat vasitələri ilə əlaqədar sığorta təminatının alınmaması sığorta haqlarında müəyyən azalmaya səbəb ola bilər. Lakin karantin qaydalarının yumşaldılması ilə birlikdə bu göstəricinin köhnə vəziyyətə gəlib çatacağını deyə bilərik".
İSB-nin icraçı direktorunun sözlərinə görə, pandemiya ilə əlaqədar sığorta şirkətlərinin fəaliyyətinə kəskin bir mənfi təsirin olacağı gözlənilmir:
"Pandemiya ilə əlaqədar sığorta şirkətlərinin fəaliyyətinə kəskin bir mənfi təsirin olacağını gözləmirik. Çünki bununla əlaqədar Mərkəzi Bank tərəfindən önləyici tədbirlər də həyata keçirilib. Mərkəzi Bank ayrımalardan imtina etdi, İSB-yə ödənilən üzvlük haqqının 30 sentyabr tarixinə qədər ertələnməsi ilə bağlı bizə tövsiyə verdi. Biz də bu tövsiyəyə uyğun olaraq, üzvlərimiz olan sığorta şirkətlərinə məktub göndərib müsbət rəyimizi bildirdik. İcbari sığorta növləri üzrə təqvim haqlarının ödənişi ilə əlaqədar ertələmələr oldu. Bunlar hamısı önləyici tədbirlərdir. Əminəm ki, bu tədbirlər canlanmanın ortaya çıxmasına xidmət edəcəkdir".