ABŞ-la bağlı bir sıra statistik məlumatların açıqlanması, habelə Federal Ehtiyatlar Sisteminin (FES) son iclasının protokolunun dərc olunması gözləndiyi bir zamanda qızıl bahalaşır.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 9.30-yə olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,59 %, yaxud 10,65 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 794,45 ABŞ dollarına satılıb.
Qeyd edək ki, bu gün ABŞ-ın ötən rüb üzrə ÜDM-i haqqında məlumatlar açıqlanacaq. Analitiklər ABŞ iqtisadiyyatının artımı ilə bağlı proqnozun 2 %-dən 2,2 %-ə qaldırılacağını gözləyirlər. Bundan başqa, ABŞ-da ötən həftə üzrə işsizliklə bağlı müraciətlərin sayı haqqında məlumat da açıqlanacaq. Analitiklər işsizliklə bağlı müraciətlərin 260 minədək azalacağını proqnozlaşdırırlar.