Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərracın əvvəlindən müsbət dinamika qeydə alınıb.
“Report” xəbər verir ki, "Dow Jones" sənaye indeksi 92,82 bənd (0,33 faiz) artaraq 28 424, 74 faiz bəndinə, "S&P" 500 indeksi 7,46 bənd (0,21 faiz) artaraq 3 486,19 faiz bəndinə, "Nasdaq" elektron indeksi isə 15,65 bənd (0,13 faiz) artaraq 11 680,71 bəndə yüksəlib.
Bununla yanaşı, WTI markalı neft 0,02 faiz bahalaşaraq 43,38 ABŞ dollarından, qızıl 1,18 faiz bahalaşaraq 1 975,19 ABŞ dollarından satılıb.
WSJ xəbər verir ki, bu artım Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbəri Cerom Pauellin əvvəlki siyasətdən əl çəkəcəklərinə dair bəyanatından sonra baş verdi. Belə ki, FRS artıq faiz dərəcəsini əvvəlcədən, inflyasiyaya yol verməmək üçün qaldırmayacaq.
”RBC Capital Markets” şirkətinin eksperti Piter Şafrikin fikrincə, FRS-in yeni siyasətə keçməsindən sonra hətta iqtisadiyyat “qızışarkən”, qiymətlər artarkən də iqtisadi dəstək proqramları həyata keçirmək mümkün olacaq: “Gördüyümüz kimi hər bir maliyyə dəstək zərfi səhmlərə müsbət təsir göstərir”.