"​Moody's": SOCAR-ın qərarı şirkətin likvidliyinə müsbət təsir edəcək

"​Moody's": SOCAR-ın qərarı şirkətin likvidliyinə müsbət təsir edəcək Agentlik: SOCAR güclü qısamüddətli likvidliyə malikdir
Maliyyə
21 Yanvar , 2016 10:16
​Moody's: SOCAR-ın qərarı şirkətin likvidliyinə müsbət təsir edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanvarın 18-də açıqladığı və müddəti 2017-ci il fevral ayında sona çatacağı planlaşdırılan istiqrazların geri alınması qərarını şirkətin likvidlik mövqeyi baxımından müsbət qiymətləndirib. 

"Report"un "Moody's"ə istinadən verdiyi xəbərə görə, SOCAR-ın açıqladığı 500 mln. dollar məbləğində 5,45% illik dərəcə ilə 2017-ci ilin fevralında müddəti bitən istiqrazları geri alması təklifi şirkətin kredit reytinqinə heç bir mənfi təsiri yoxdur. Əksinə, bu qərar SOCAR-ın 2017-ci il üçün olan və hazırda 946 mln. dollar təşkil edən borc geri ödəmələrinin azaldılması baxımından müsbət qərardır. 

Agentlik, həmçinin qeyd edib ki, istiqraz sahiblərinin istiqrazları müddətindən əvvəl satmamaq kimi hüququ da var. Əgər istiqraz sahibləri məbləğin tam həcmində istiqrazları qaytarmaq qərarına gəlsələr belə, bu, SOCAR-ın ümumi borcunun 30 iyun 2015-ci il tarixinə sadəcə 6%-ə bərabər olacaq. Qeyd edək ki, SOCAR, istiqrazların nominal qiymətinin 102%-i qədər ödəmə təklif edib və təklifin son qüvvədə olma tarixi 26 yanvar, həyata keçirilmə tarixi isə 29 yanvardır.

Agentlik, həmçinin qeyd edib ki, SOCAR, 30 iyun 2015-ci il tarixinə 2,7 mlrd. dollar nağd vəsaitlə möhkəm likvidliyə sahibdir ki, bunun da 89%-ni xarici valyutada vəsaitlər təşkil edib. Həmin tarixə SOCAR-ın borcu 8,2 mlrd. dollar təşkil edib ki, bunun da 91%-i xarici valyutadadır. Agentlik bildirib ki, SOCAR-ın qısamüddətli likvidlik mövqeyi onun borclarını tamamilə örtür.

Qeyd edək ki, "Moody's" SOCAR-ın kredit reytinqini "Ba1", reytinq üzrə proqnozu isə "stabil" səviyyəsində təsdiq edib.

Son xəbərlər

Orphus sistemi