​"Moody's" "Bank Technique"in kredit reytinqini aşağı salıb - ƏLAVƏ OLUNUB

​"Moody's" "Bank Technique"in kredit reytinqini aşağı salıb - ƏLAVƏ OLUNUB Uzun müddətli depozit reytinqi üzrə proqnoz isə "neqativ" olaraq açıqlanıb
Maliyyə
24 İyul , 2015 09:28
​Moody's Bank Techniquein kredit reytinqini aşağı salıb - ƏLAVƏ OLUNUB

Bakı. 24 iyul. REPORT.AZ/ "Moody's" reytinq agentliyi "Bank Technique" ASC-nin kredit reytinqini aşağı salıb. "Report" xəbər verir ki, bununla bankın uzun müddətli xarici valyutada olan depozitlər üzrə reytinqi "Caa1"dən "Caa2"yə, baza kredit reytinqini isə "caa2"dən "caa3"ə endirib.

Uzun müddətli depozit reytinqi üzrə proqnoz isə "neqativ" olaraq açıqlanıb. Agentlik reytinqdəki azalmanı fevral ayında baş verən devalvasiya nəticəsində "Bank Technique"in kapitalında zəifləmə ilə izah edib.

"Moody's" "Bank Technique"də uzun müddətli notunu "Caa2"yə qədər endirməsi fevral ayında baş verən devalvasiyadan sonra bankın 25 mln. manat və ya 23,8 mln. dollar itirməsi nəticəsində kapitalının əriməsi və əlavə kapital ehtiyacı ilə əlaqələndirib. 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 5,2%-ə , məcmu kapital adekvatlığı isə 7,1%-ə enib, bu da normadan aşağıdır (müvafiq olaraq 6% və 12%). Bank devalvasiyadan öncə 1 fevral 2015-ci il tarixinə xarici valyutada olan qısa "hedge" olunmamış (qorunmamış) mövqeyi aktivlərin 14%-ə, kapitalın isə 124%-nə bərabər olub.

2015-ci il may ayında bankın səhmdarları Azərbaycan Mərkəzi Bankına 8 mln. manat məbləğində subordinə olunmuş kredit planı təqdim etsələr də, bankın kapitallaşmasının artırılması istiqamətində addım atılmayıb. "Moody's" hesab edir ki, 8 mln. manat məbləğində tələb olunan vəsait kapitallaşmanın keyfiyyətinin artırılması üçün kafi deyil. Agentlik, bankın ən az 28 mln. manat vəsaitə ehtiyacı olduğunu açıqlayıb. Bu vəsaitdən 5 mln. manat ancaq 1-ci dərəcəli kapital adekvatlığı normativ tələbini yerinə yetirmək üçün zəruridir. Beləliklə, "Bank Technique" ASC-nin təcili maliyyə vəsaitinə ehtiyacı var. Qeyd olunub ki, "Bank Technique" aktivlərinə görə banklar içərisində 9-cu yerdədir. 2014-cü ilin sonuna bankın AMB-də və digər dövlət müəssisələrində depozitləri isə öhdəliklərinin 19%-ni təşkil edib. "Caa3" depozit reytinqi banka müstəqil hərəkət etmə statusu saxlayır və AMB-nin banka dəstək verəcəyi bildirilir. Qeyd olunub ki, bankın reytinqinin yaxın 12-18 ayda artırılması mümkün deyil. Amma AMB və ya səhmdarların kapitala yardımı baş tutarsa, proqnozlar "stabil"ə çevrilə bilər.

Son xəbərlər

Orphus sistemi