Martın 1-dən 15-dək Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirici missiyası Azərbaycana səfər edəcək.
"Report" Maliyyə Monitorinq Xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin MONEYVAL tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2020-cü il 21 oktyabr tarixli 404 nömrəli Qərari ilə yaradılmış Koordinasiya Şurasının növbəti iclasında deyilib.
Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər – milli risk qiymətləndirilməsinin aparılması, müvafiq sahədə yeni qanunların qəbulu, habelə MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirmə prosesinə son hazırlıq mərhələsində həlli zəruri olan tədbirlər barəsində məlumat verib.
Daha sonra Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə ötən dövrdə görülmüş işlərdən danışıb. 2023-cü ilin 1-15 mart tarixlərində keçiriləcək MONEYVAL qiymətləndirici missiyasının ölkəmizə səfəri ilə bağlı təşkilati işlərin cari statusu, keçirilmiş təlimlər və aparılmış sınaq müsahibələr barədə iştirakçılara məlumat verib, həmçinin qiymətləndirmə üçün tələb olunan məlumatların və sənədlərin MONEYVAL qiymətləndirici missiyasına tamlıqla təmin edilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda həmçinin Koordinasiya Şurasının 2022-ci il 23 iyun tarixində təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verilib, Şura üzvləri tərəfindən gündəlikdə duran və cari məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər çərçivəsində Azərbaycan 2002-ci ildən etibarən MONEYVAL-da təmsil olunmağa başlayıb. Azərbaycanda PL/TMM sahəsində mövcud vəziyyətlə bağlı MONEYVAL-ın ilk qiymətləndirmə hesabatı 2004-cü ildə qəbul edilib.
Bundan sonra, 2008-ci ildə də MONEYVAL tərəfindən Azərbaycan üzrə qiymətləndirmə aparılaraq müvafiq hesabat hazırlanıb. Bu qiymətləndirmə hesabatlarında Azərbaycanda PL/TM ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından təklif və tövsiyələr irəli sürülüb. Bu təklif və tövsiyələr ölkədə PL/TMM sisteminin formalaşdırılması və inkişafı istiqamətində aparılan islahatlar zamanı mühüm əhəmiyyət kəsb edib.
MONEYVAL-ın IV raund qiymətləndirilməsi Azərbaycanda 2014-cü ildə həyata keçirilib.