MDM "ASAN İmza" xidmətinə qoşulub
- 15 dekabr, 2016
- 09:18
Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Depozit Mərkəzinin (MDM) mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “ASAN İmza” xidməti ilə inteqrasiya edilib. "Report" xəbər verir ki, bu barədə MDM-in saytında məlumat verilib.
Məlumata görə, investisiya şirkətlərinin əməkdaşları, qiymətli kağız emitentləri olan hüquqi şəxslərin təmsilçiləri, fərdi investorlar və institusional investorların təmsilçiləri “ASAN İmza” (www.asanimza.az) vasitəsi ilə mərkəzi depozitar və klirinq-hesablaşma sisteminin xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, qiymətli kağızlar bazarının ticarət, ticarət sonrası və nəzarət funksiyalarını özündə cəmləşdirən vahid mərkəzi elektron platforma (CETA) Qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət Proqramının (2011-2020-ci illər) icrası istiqamətində yaradılıb və Koreya Fond Birjasının dəstəyi ilə hazırlanıb.
“ASAN İmza” texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumlarının onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. “ASAN İmza” qanunvericiliyə əsasən, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
“ASAN İmza”nın üstün cəhəti smart kart, onun oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün identifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-kart və mobil telefonun olması kifayətdir.