MBNP-nin sədri İran səfiri ilə görüşüb
- 23 dekabr, 2016
- 06:26
Bakı. 23 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Palatadan bildirilib.
Məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə iki ölkə arasında bank, sığorta və digər sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. R.Aslanlı ölkənin maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib. C.Cahangirzadə iki ölkə arasında çox yaxın, etimada əsaslanan münasibətlərin olmasından və investisiya qoyuluşu, bank sahəsi və digər istiqamətlər üzrə əməkdaşlıq potensialının artırılması üçün mövcud imkanlardan söz açıb.