Lüksemburq bankları və digər maliyyə təşkilatları sanksiyalar çərçivəsində Rusiyanın 4,3 milyard avroluq aktivlərini dondurub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, dondurulmuş aktivlərə 90-dan çox fiziki şəxsin və 1100-dən çox şirkətin depozitləri və qiymətli kağızları daxildir.
Xatırladaq ki, Rusiyanın fevralın 24-ü Ukraynada başladığı hərbi əməliyyatlardan sonra Qərb dövlətləri bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Rusiyanın Maliyyə Nazirliyinin mart ayında açıqlamışdı ki, Mərkəzi Bankın 300 milyard ABŞ dollarınadək qızıl rezervləri dondurulub. Təkcə Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının 23 milyard avroyadək (24,5 milyard dollar) aktivlərini dondurub. Almaniya, İtaliya, Niderland, Fransa da Rusiyanın aktivlərini dondurulduğunu bəyan edib.