Bakı. 13 yanvar. REPORT.AZ/ Dünya milyarderləri siyahısında yer alan 15 rusiyalı milyarder ötən gecə 1,6 mlrd. dollar itirib. "Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, milyarderlərin sərvət itkisi dolların məzənnəsinin dəyişməsi ilə əlaqədar olub.
Ötən həftə olduğu kimi, bu həftə də ən çox pul itirən Rusiya vətəndaşı,"LUKoil" neft şirkətinin prezidenti, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. "LUKoil" rəhbəri yanvarın 12-də öz varidatının 3,4%-ni, yaxud 278,8 mln. dollar itirib. Hazırda onun 8 mlrd. dollarlıq sərvəti olduğu deyilir.
Bu dövrdə ən az pul itirən isə rusiyalı milyarder Roman Abramoviç olub. R.Abramoviç ötən gecə 10,3 mln. dollar, yəni ümumi varidatının 0,1%-ni itirib. Hazırda onun 12,8 mlrd. dollar sərvəti var.
Xatırladaq ki, həmin tarixdə dünya üzrə ümumilikdə 200 milyarder 3 mlrd. dollar itirib.