Müasir dövrümüzdə dünyanın müxtəlif regionlarında baş verən siyasi və hərbi münaqişələr nəticəsində miqrasiya prosesləri rekord həddə çatıb. Aparılmış qlobal hesablamalara əsasən, ötən il dünyadakı beynəlxalq miqrantların sayı 272 milyona yaxınlaşıb ki, onların da üçdə ikisini əməkçi miqrantlar təşkil edib. Bu göstərici hər il artsa da, hazırda miqrantlar dünya əhalisinin yalnız 3,5%-ni təşkil edir. Dünya ölkələrinin bir neçəsi miqrant axınlarından öz mənafeləri istiqamətində istifadə etsələr də, çox zaman planlaşdırılmayan miqrant axını istənilən ölkənin iqtisadiyyatı üçün böyük risk yaradır. Bəs, görəsən, Azərbaycana qəfil və kəskin miqrant axınları baş verərsə, bu proses ölkəmizin iqtisadiyyatına hansı təsirləri göstərə bilər?
İqtisadçı-ekspert Samir Əliyev bu barədə “Report”a verdiyi açıqlamada bildirib ki, kütləvi miqrant gəlişi Azərbaycandan xaricə valyuta axınını sürətləndirə bilər: “Miqrantlar məsələsi ABŞ və Avropa ölkələrində də aktualdır. Miqrant axınının həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, xüsusilə də ABŞ və Avropa ölkələrində nəsil qocalması prosesi gedir və dövlətin yeni, cavan işçi qüvvəsinə ehtiyacı yaranır. Mənfi tərəfi odur ki, miqrantlar yerli sakinləri bazardan sıxışdırıb çıxardır. Çünki miqrantlar yerli sakinlərlə müqayisədə daha az maaşa qane olurlar.
Azərbaycana gələn miqrantları iki hissəyə bölmək olar. Birinci hissəyə nisbətən elit təbəqəni təmsil edən və əsasən, İndoneziya, Malayziya, Avropa ölkələrindən gələn ingilisdilli miqrantlar aiddir. Lakin bu miqrantların ölkəyə gəlişi azdır. İkinci qrup isə Türkiyədən, Gürcüstandan, Orta Asiya ölkələrindən gələnlərdir ki, onlar birinci qrupa nisbətən çoxluq təşkil edirlər. Amma onların da sayı bir o qədər çox hesab oluna bilməz. Ümumiyyətlə, bizdə miqrant problemi başqa ölkələrdəki kimi deyil. Məsələn, Rusiyada bu problem daha aktualdır.
Azərbaycanda iqtisadiyyat digər ölkələrdəki qədər işçi qüvvəsinə ehtiyac duymur. Kiçik və orta sahibkarlığın inkişaf etməsinin nəticəsində bizdə boş iş yerləri azdır. Ölkəyə qəfil və kəskin miqrant axınının baş verməsi isə iş yerlərinin sayını daha da məhdudlaşdıra bilər. Təhlükəsizliklə bağlı problemlər yarana, kriminal hadisələrin sayı arta bilər.
"Kütləvi miqrant axını, eyni zamanda Azərbaycanın tikinti bazarında stimullaşmaya və qiymət artımına səbəb olar".
Samir Əliyevİqtisadçı-ekspert Samir Əliyev
Miqrant ölkəyə valyuta ilə gəlsə də, o, bura biznes üçün deyil, pul qazanmaq üçün gəlir. Ona görə də miqrantların gəlişi ilə ölkəyə valyuta gəlməsini gözləmək düzgün deyil. Əksinə, miqrantlar gələndən sonra ölkədən valyuta axacaq. Çünki onlar öz vəsaitlərini dollara çevirib ölkədən çıxaracaqlar. Ona görə də miqrantların gəlməyi həm də ölkədən valyuta axınını sürətləndirən bir prosesdir. Kütləvi miqrant axını, eyni zamanda Azərbaycanın tikinti bazarında stimullaşmaya və qiymət artımına səbəb olar. Xüsusən də ucuz evlərin qiyməti daha çox artar.
Azərbaycanda hazırda miqrantlarla bağlı elə də ciddi təhlükə yoxdur. Amma Azərbaycana miqrant axını hazırkı səviyyəsindən yuxarı çıxarsa, müəyyən təhlükələr yarana bilər. Biz həm ərazi baxımından, həm də iqtisadi cəhətdən Türkiyə və Rusiyadakı kimi, kütləvi şəkildə miqrant qəbul edəcək gücdə deyilik. Bizim iqtisadiyyat, əsasən, neft sektorundan formalaşır. Turizm və digər qeyri-neft sektorları daha çox inkişaf etdikcə bizdə də miqrantlara ehtiyac yarana bilər. Amma miqrantların bizim ölkəyə gəlmə səbəbi digər regionlarda baş verən müharibələr olarsa, bu, təkcə iqtisadiyyat üçün deyil, ümumilikdə, dövlət üçün də xərclərin artması baxımdan böyük problem yarada bilər.
Avropada miqrant ona görə az pul alır ki, rəsmi qeydiyyatdan keçmir və dövlətə vergi vermir. Azərbaycanda, onsuz da, hələ də vergi verməyən xeyli insan qalmaqdadır. Baxmayaraq ki, bizdə hazırda iqtisadiyyatın ağardılması məsələsi aktualdır. Ona görə də ilkin mərhələdə miqrant axını ciddi iqtisadi nəticələr verməsə də, sonrakı uzun müddətli dövrdə kütləvi miqrant axını dövlətin vergi gəlirlərinin və sosial gəlirlərinin azalmasına gətirib çıxara bilər. Kütləvi axın olduqda dövlət miqrantların səhiyyə və digər xərclərini öz öhdəsinə götürmək məcburiyyətində qalacaq. Eyni zamanda onların davranışlarına dövlət tərəfindən nəzarət olmalıdır ki, mədəniyyətlərarası hər hansı konfliktlər yaranmasın. Azərbaycanda isə hazırda belə bir təhlükə yoxdur”.
İqtisadçı-ekspert Pərviz Heydərov ölkə iqtisadiyyatının zərər görüb-görməməsinin miqrant axınlarının hansı formada baş verməsindən asılı olduğunu qeyd edib: "Qaçqınların kütləvi şəkildə ölkəyə daxil olması ölkə iqtisadiyyatına neqativ təsirlər göstərə bilər. Onların qarşılanması, yerləşdirilməsi və təchizatı ilə bağlı bir çox məsələlər dövlət üçün əlavə problemlər ortaya çıxardır. İlk öncə, ona görə ki, Azərbaycanın özünün bu sahədə illərdir ki, problemi var. Hələ də biz bu problemin həlli ilə məşğuluq. Düzdür, bu neçə illər ərzində neftdən əldə etdiyimiz gəlirlərin sayəsində bu problemin öhdəsindən gələ bilmişik. Amma təsəvvür edin ki, bu qədər maliyyə ehtiyatlarımızın olmasına baxmayaraq hələ də bu məsələ gündəmdədir və hissə-hissə həll olunmaqdadır. Bunun müqabilində regionda qeyri-sabitlik yaranması nəticəsində ölkəyə kütləvi qaçqın axınının baş verməsi arzuolunan hal deyil. Bu, hökümət üçün müxtəlif problemlər yarada bilər ki, onlardan ən mühümü maliyyə problemidir. Amma miqant axınının başqa bir forması da var ki, bu , ölkəyə nəğd şəkildə külli miqdarda valyuta daxil olması ilə nəticələnə bilər. Bu zaman daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə artmasının, valyuta bazarında xarici valyuta təklifinin kəskin şəkildə genişlənməsinnin şahidi ola bilərik. Nəticədə manatın dəyərinin möhkəmlənməsinə zəmin yaranar. Bu bir o qədər arzuolunan hal deyil. Çünki hazırda manatın möhkəmlənməsi üçün müvafiq şərait vardır. Neft satışından əldə olunan valyuta gəlirlərimiz ölkədən çıxan valyuta həcmindən çoxdur. İndiki şəraitdə manat bahalaşmağa meyllidir, lakin hökumət buna imkan vermir. Çünki milli valyutamızın möhkəmlənmməsi ölkənin ixrac imkanlarını məhdudlaşdıra, xaricı istehsala məxsus malların ölkəyə daha geniş şəkildə daxil olmasına şərait yaradar. Bu isə ölkəmizin hazırkı məqsədləri ilə ziddiyyət təşkil edir. Belə ki, hazırda hökumət qarşısına qeyri-neft sektorunu inkişaf etdirməyi, bu sahədə ixrac imkanlarını artırmağı məqsəd qoyub.
Bir daha qeyd edim ki, Azərbaycanın özünün bu sahədə problemi olduğuna görə bura miqrant axının baş verməməsi daha yaxşı olar. Biz olduqca minimal həcmdə miqrant qəbul edə bilərik. Çünki maliyyə vəziyyətimiz yetərli olsa da, ölkə iqtisadiyyatının ümumi gücü əlavə miqrant problemləri ilə məşğul olmaq səviyyəsində deyil. Azərbaycanı bu məsələdə Türkiyə və Avropa ölkələri ilə müqayisə etməyə dəyməz.
"Miqrant axınları olarsa, bunun vətəndaşların sosial ödənişlərinə, həmçinin dövlətin vergi yığımlarına heç bir təsiri olmayacaq".
Pərviz Heydərovİqtisadçı ekspert
Miqrant axınları olarsa, bunun vətəndaşların sosial ödənişlərinə, həmçinin dövlətin vergi yığımlarına heç bir təsiri olmayacaq. Dövlət Soial Müdafiə Fondunun xərclərinin təyinatı ölkə vətəndaşlarına yönəlikdir. Yəni dövlət vətəndaşların sosial ödənişlərindən azaldıb həmin vəsaiti miqrantların saxlanılma xərclərinə yönəltməz. İstər xarici ölkələrdə, istər Azərbaycanda bu hal yolverilməzdir. Belə məsələlərdə hökümətin fors-major hallara hazırlıq səviyyəsi ön plana gəlir. Odur ki, ölkəmizin də bu kimi hallara hazırlıqlı vəziyyətdə olması daha məqsədəuyğundur. Çünki Azərbaycan
Qeyd edək ki, hazırda Azərbaycana gələn miqrantların arasında əmək miqrantları xüsusi yer tutur.
Əmək miqrasiyası kvotası ölkələr üzrə deyil iqtisadi fəaliyyət sahələri üzrə müəyyən edilir. Daha çox kvota ayrılan iqtisadi fəaliyyət sahələri mədənçıxarma sənayesi, emal və tikintidir. Əmək Miqrasiyası kvotası “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən müəyyən edilir və həmin qaydanın 6-cı hissəsi təsdiq olunmuş əmək miqrasiyası kvotasının dəyişdirilməsi şərtlərini və qaydalarını müəyyən edir. Əmək bazarında baş verən dəyişikliklər əsasında təsdiq olunmuş əmək miqrasiyası kvotası artırıla və ya azaldıla bilər. Əmək miqrasiyası kvotası 2010-cu ildən tətbiq edilir və bu dövrdə yalnız bir dəfə 2011-ci ildə həmin il üçün təsdiq olunmuş kvota artırılıb. Ölkənin əmək bazarında əcnəbi işçi qüvvəsinin iştirakının tənzimlənməsi, yerli əmək bazarının qorunması, yerli kadr potensialından, eləcə də əcnəbi mütəxəssislərdən ölkənin iqtisadi inkişafı tələblərinə uyğun, səmərəli istifadə edilməsi məqsədilə əmək miqrasiyası kvotası tətbiq olunur.
Qeyd olunduğu kimi, əmək miqrasiyası kvotasının müəyyən olunması “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na uyğun həyata keçirilir. Həmin Qaydaya uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxslərindən ibarət Hökumət Komissiyası yaradılıb. Hər il Komissiya tərəfindən Qaydalara uyğun olaraq növbəti il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilir. Əmək miqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Kvota müəyyən edilərkən qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq əmək bazarının vəziyyəti, yerli kadr potensialı, işəgötürənlərin xarici işçi qüvvəsinə tələbatı, ölkənin iqtisadi inkişaf tendensiyaları və makroiqtisadi göstəricilər təhlil olunaraq təkliflər hazırlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təkliflər Komissiya tərəfindən hazırlanıb və 2020-ci il üçün əmək miqrasiyası kvotası 6740 nəfər təsdiq olunub”.