Dünyada belə bir təcrübə var ki, banklar, kreditlə satışlar həyata keçirən ayrı-ayrı şirkət və ya mağazalar öz problemlərinin ödənilməsi üçün kollektor şirkətlərinə müraciət edirlər. Bu zaman onlar öz borc portfellərini kollektor şirkətinə qismən və ya tam formada ya satır, ya da onun bir qismini ödənilməsi üçün kollektor şirkətinə yönəldirlər.
“Report” ölkəmizdə fəaliyyət göstərən kollektor təşkilatlarından olan “BOA” Agentliyinin direktoru Samir Mustafayev ilə müsahibəni təqdim edir:
- Nə üçün banklarda öz problemli kreditlərini kollektor şirkətlərinə autsorsing (kənar qaynaqdan yararlanmaq) etmək zərurəti yaranır?
- Bankdan fərqli olaraq biz müştərinin borcunun üzərinə əlavə faiz təbiq etmirik. Biz müştəriyə vaxt veririk ki, o borcunu rahat şəkildə uyğun bir müddətdə ödəsin. Amma banklar bunu edə bilmirlər. Etsələr belə, müəyyən faizlərlə edirlər. Bizim şirkət müştəriyə kömək məqsədilə yaradılıb. Çünki borcluların 90 %-i öz borcunu ödəmək istəyir. Sadəcə bank onlara bizim kimi köməklik göstərə bilmir.
- Banklar özləri belə bir xidmət yarada bilməzlərmi?
- Bankların kredit portfeli böyük olur. Orda bu iş üçün əlavə qaynar xətt yaradılmalıdır. Borc portfelinin həcminə görə işçilər olmalıdır. Bu iş üçün bankın ayrıca hüquqşünasının da olması lazımdır. Bunların hamısı isə əlavə xərc tələb edir. Ona görə də banklara bu işlə özlərinin məşğul olması sərf etmir. İkincisi isə pul yığmaq bank işçilərinin işi deyil. Onlar bu işi tam peşəkar şəkildə bacarmır və pul gec yığılır. Dünyanın bir çox ölkəsində bu işi kollektor şirkətləri həyata keçirir. Bizdə də bir çox bank bizə müraciət edir.
- Həmin xarici ölkələrdə bu sahədə nə kimi təcrübə mövcuddur?
- Xarici ölkələrlə müqayisədə bizdə kollektor şirkətlərinə müraciət çox da yayılmayıb. Biz bu şirkəti on il bundan əvvəl yaradanda bəzi ölkələrə gedib ordakı kollektor şirkətlərinin iş fəaliyyətinə baxdıq. Rusiyada, Türkiyədə, BƏƏ-də banklar hansısa bir vaxtdan sonra öz portfellərini müəyyən məbləğdə kollektor şirkətlərinə satırlar. Məsələn, kollektor şirkəti banka bir milyonluq borc portfelini 10 min ABŞ dollarına ona satmağı təklif edir. Bank da sərf etdiyi təqdirdə həmin şirkətlə razılığa gəlir. Həmin ölkələrdə bu proses qanunla tənzimlənir. Bizdə isə bu satış məsələsi yoxdur, yalnız banklar öz problemli borclarının bir hissəsini kollektor şirkətlərinə ötürürlər. Eyni zamanda bizdə dövlət tərəfindən kollektor şirkətləri haqqında qanun qəbul edilməyib. Bir neçə il öncə bu məsələ qaldırılmışdı. Düşünürəm ki, müəyyən müddətdən sonra belə bir qanun qəbul ediləcək.
- Pandemiyadan sonra problemli kreditlərlə bağlı sizə edilən müraciətlərdə nə kimi dəyişiklik var?
- Hazırda bizdə olan borclar yeni borclar deyil. Portfelimiz 4-6 il bundan əvvələ aid olan köhnə borclardan ibarətdir. Biz köhnə borcları məhkəmə yolu, əmək haqqıya yönəltmə kimi hüquqi yollarla yığırıq.
Pandemiyadan öncə bizə bankların müraciəti daha çox idi. İndi isə bu müraciətlər bir qədər azalıb. Çünki banklarda kreditlərin verilməsində azalma var. Amma fiziki şəxslərdən olan müraicətlər xeyli artıb. Bir də elektrik avadanlıqlar satan şirkətlərin, ev əşyaları, mebellər satan mağazaların müraciətləri çoxalıb. Borc müqaviləsi olan hər bir şəxs bizə müriacət edə bilər.
- Hazırda neçə bankla əməkdaşlıq edirsiniz?
- Pandemiyadan öncə bütün bağlanan banklar və əlavə olaraq 17-ə qədər bank və BOKT bizimlə əməkdaşlıq edirdi. Hazırda 6 bank və BOKT bizimlə işləyir. Mənə elə gəlir ki, artıq bəzi banklar özləri bu işlə məşğul olur.
- Müştərilərlə işinizi hansı formada tənzimləyirsiniz?
- Biz əsasən hüquqi müstəvidə işlər görürük. Bunlar, barəsində məhkəmə qətnaməsi olan işlərdir. Həmin borclar ödənilməsi üçün borclunun əmək haqqına yönəldilir və bu iş məhkəmə icra məmurları ilə birgə aparılır. İlkin olaraq isə müştərilərlə danışılır və onlar maarifləndirilir.
- Bəs borclular kollektor şirkətlərinin borc məsələsinə müdaxiləsini necə qəbul edir?
- Borclular kollektor şirkətlərinin fəaliyyətini normal qəbul edir. Müştəriyə düzgün münasibət bəsləyəndə, onunla normal qaydada danışanda və ona normal şərtlər təklif edəndə əksər hallarda o öz borcunu ödəmək istəyir. Bu proseslərin hamısı qanun çərçivəsində olur. Biz çalışırıq ki, nə bank narazı qalsın, nə də müştəri.
- Banklar adətən borc portfellərinin neçə faiz hissəsini sizə yönəldir?
- Biz bunu bilmirik. Banklar özlərində olan problemli borcların müəyyən hissəsini bizə yönəldirlər. Bu borclar adətən “ölü borclar” olur. Biz həmin borcun ödənilməsini təşkil etdikdən bir ay sonra bankla bizim aramızda akt tərtib edilir və bank tərəfindən bizə komissiya ödənilir.
- Bu komissiya haqqı nə qədər olur?
- Hər işin öz qiyməti var. Elə borc var ki, onun üzərindən on il keçib, eləsi var bir il. Biz analiz edirik ki, həmin borcları nə qədər komissiya haqqı ilə götürmək bizə sərf edər. Komissiya haqları işlərə görə fərqlənir. Burda bir neçə meyar nəzərə alınır. Ümumi borclara baxıb həmin meyarlar əsasında komissiya haqqı təyin edirik.
- Banklar borcun ödənilməsi üçün sizə vaxt limiti qoyurlarmı?
- Xeyr. Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur ki, bank kollektor şirkətinə müəyyən vaxt limiti qoysun. Bank borcun ödənilməsini istəyir, amma bunun üçün vaxt qoymur. Borcu tez qaytarmaq bizə də sərf edir, çünki biz bunun müqabilində pul alırıq.