İqtisadiyyat komissarı: Rəqəmsal avro Avropanın maliyyə müstəqilliyinin yeni sərhədidir
- 20 iyun, 2025
- 04:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyadakı geosiyasi gərginlik maliyyə gündəminin əsas məsələlərindən biri olan rəqəmsal avronun irəliləməsinin təcililiyini vurğulayır.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu iqtisadiyyat və məhsuldarlıq üzrə komissar Valdis Dombrovskis Lüksemburqda Avroqrupun iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu gün biz bu mühüm layihənin irəliləməsi ilə bağlı konstruktiv müzakirə apardıq. Aİ üzv ölkələrinin nümayəndələri arasında rəqəmsal avronun ümumi valyutamızın rəqəmsal dövrə daxil olması və açılan perspektivlərdən maksimum istifadə etməsi üçün tarixi fürsət təqdim etməsi barədə geniş razılıq formalaşıb", – Dobrovski qeyd edib.
Onun sözlərinə görə, indiyə qədər üzv dövlətlər təklifin bütün əsas aspektlərini müzakirə ediblər.
"Bugünkü iclasda mən ortaq nöqtələrin təcili müəyyən edilməsi və layihənin tamamlanması zərurətini bir daha vurğuladım", – avrokomissar bildirib və əlavə edib ki, bunun üçün qalan açıq məsələlər üzrə kompromislər tapmaq lazımdır.
"Avropa Komissiyası irəliləyişə yol açmaq üçün bütün lazımi texniki dəstəyi təmin etməyə hazırdır. Mütəxəssislərimiz artıq rəqəmsal avronun təhlükəsiz və səmərəli infrastrukturunun yaradılması üçün istifadə edilə biləcək bir sıra texniki həllər hazırlayıblar", – Dombrovskis söyləyib.
O qeyd edib ki, hazırda yaşadığımız coşqunluq dövrü bu layihənin irəliləməsi üçün bütün stimulları verir. Komissarın sözlərinə görə, bu layihəni həyata keçirməklə Aİ rəqəmsal avronu strateji muxtariyyətin ən vacib sütununa çevirə, Avropanın qlobal maliyyə sistemindəki mövqeyini gücləndirə və ödənişlər və hesablaşmalar kimi kritik sahədə texnoloji müstəqilliyi təmin edə bilər.