İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 11,51 milyon manat mənfəətlə başa vurub.
“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6 % azdır.
Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 44,705 milyon manat (illik müqayisədə 18,2 % çox), faiz xərcləri 26,909 milyon manat (29,3 % çox), gözlənilən kredit zərəri 739 min manat (55,6 % çox), haqq və komissiya gəlirləri 496 min manat (53,9 % az), haqq və komissiya xərcləri 679 min manat (15,5 % çox), digər gəlirləri 774 min manat (3,5 dəfə çox), insan resursları üzrə xərcləri 3,739 milyon manat (24,6 % çox), inzibati və digər xərcləri isə 2,399 milyon manat (10,05 % az) təşkil edib.
Bu il iyulun 1-nə İKZF-nın aktivləri 3 milyard 87,252 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,45 % çoxdur. Bunun 2 milyard 157,458 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 16,2 % böyüyüb.
Hesabat dövründə Fondun öhdəlikləri 29,3 % artaraq 1 milyard 915,043 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 29,4 % artaraq 1 milyard 880,656 milyon manata, balans kapitalı isə 10,45 % artaraq 1 milyard 172,209 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,8 % artaraq 980,7 milyon manata çatıb.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.