ABŞ Federal Ehtiyatlar Sistemi (FED) sentyabrın sonlarına doğru faiz endiriminə başlamasına hazırlaşarkən cümə günü açıqlanacaq olan avqust ayı üçün əmək bazarı hesabatı, Amerikada Əmək günü səbəbilə qısa olacaq önümüzdəki həftə ərzində diqqət mərkəzində yer alacaq əsas məqamdır. Bu həftə, həmçinin, Kanada Mərkəzi Bankı növbəti faiz endirimini həyata keçirəcək. Səngiməyən geosiyasi risklər fonunda neft qiymətləri təzyiq altında qalmaqda davam edəcək.
"NFP" Hesabatı
FED-in son illərdə ilk dəfə faiz dərəcələrini azaltmağa hazırlaşdığı ərəfədə investorlar Mərkəzi Bankın nə qədər aqressiv hərəkət edə biləcəyinə dair ipuçları üçün diqqətlərini cümə günü əmək bazarı hesabatına yönəldəcəklər.
FED sədri Cerom Pavelin faiz dərəcələrini endirməyə başlamağın vaxtının çatdığına işarə etdiyinə nəzər salaraq, bazar iştirakçılarının bir çoxu sentyabrın 17-18 keçiriləcək iclasda prosesin 25 baza bəndlik endirimlə başlayacağını ehtimal edirlər.
Əmək bazarında hər hansı bir zəifləmə əlaməti iyulun sonu-avqustun əvvəlində bazarları silkələyən tənəzzül ehtimalı ilə bağlı narahatlığı yenidən alovlandıra bilər.
Hesabatın dərcindən əvvəl, çərşənbə günü "JOLTS" Boş İş Yerləri və Vakansiyalar Hesabatı təqdim ediləcək. Cümə axşamı Özəl Sektorda Yeni İş Yerlərinin Sayı (ADP), İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı açıqlanacaq.
Bazar həssaslığı
"Wall Street" şirkətin səhmləri bahalaşdı və "Dow Jones", FED-in tezliklə faiz dərəcələrini endirəcəyi ehtimalları fonunda həftəni ardıcıl iki gün artaraq bütün zamanların ən yüksək həddində bağlandı.
Avqustun əvvəlində başlayan satışlardan sonra fond bazarları yenidən yüksəldi və rallinin genişləndiyini göstərən əlamətlər texnologiya şirkətlərinin səhmlərində konsentrasiyadan narahat olan investorlar üçün ümidverici bir siqnal olaraq görünür.
İnvestorlar həmçinin daha aşağı faiz dərəcələrindən faydalanacağını gözləyərək, daha az üstünlük verilən qiyməti ucuz olan səhmlərə və kiçik şirkətlərə investisiya edirlər.
"Bank of America" analitiklərinin fikrincə, tarixən sentyabr və oktyabr ayları səhmlər üçün dəyişkən aylar ola bilər və iqtisadi məlumatlarda hər hansı sürprizlər bazarda yeni şoklara səbəb ola bilər.
Kanada Mərkəzi Bankı yenidən faiz dərəcələrini aşağı salacaq
Çərşənbə günü toplanacaq Kanada Mərkəzi Bankının (BoC) ardıcıl üçüncü faiz endirimini edəcəyi gözlənilir.
Bank iyun ayından bu yana iki cəhddə, ümumilikdə "benchmark" faiz dərəcəsini 4,5 %-ə endirib və sentyabrdan sonra bu il üçün daha iki faiz endirimi gözlənilir.
Ötən həftənin cümə günü açıqlanan məlumatlar, Kanada iqtisadiyyatının ikinci rübdə gözləniləndən bir qədər daha sürətli böyüdüyünü, lakin böyümənin iyun ayında sabit qaldığını və ilkin proqnozların iyul ayında da artım göstərmədiyini ortaya qoydu.
BoC sədri Tiff Maklem, bankın iyuldan sonra inflyasiya ilə mübarizə aparmaqdansa, diqqətini iqtisadiyyatın stimullaşdırılmasına yönəldəcəyinə işarə etdi.
EUR
Ötən həftəyə 1,1190 səviyyə ilə start alan EUR/USD məzənnəsi 1,1200 həddinə kimi yüksəldi. Amma, Amerikada proqnozların üzərində açıqlanan ÜDM və inflyasiya gösətricilərindən sonra, avro, qüvvətlənən dollar qarşısında 1,1045 həddinə kimi ucuzlaşdı və həftəlik şamını bu səviyyədə bağladı.
"Buğalar" qiyməti 1,10 ABŞ dolları həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd edək ki, cari həftə ərzində Almaniyada və avrozonada açıqlanacaq sənaye və xidmət sektorlarında PMİ rəqəmləri və avrozonada ÜDM-in həcminə dair göstəricilər EUR/USD məzənnəsində dəyişikliklərə ciddi təsir edə bilər.
GBP
Keçən həftəni 1,32 ABŞ dolları səviyyəsində başlayan GBP/USD məzənnəsi 1,3265 səviyyəsinə kimi bahalaşsa da, burada müqavimətlə üzləşərək ucuzlaşdı və həftəlik şamını 1,3120 səviyyəsində tamamladı. "Buğalar" qiyməti 1,32 ABŞ dolları həddinin üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Neft qiymətləri təzyiq altında
Neft qiymətləri həftəni enişlə bağladı və oktyabr ayından etibarən "OPEC+"ın hasilatı artıracağına dair ehtimallar çoxaldığı üçün aylıq müqayisədə böyük itkilər yaşadı.
Cümə günü "Brent" markalı neftin oktyabr fyuçersləri həftə ərzində 0,3 %, ay ərzində isə 2,4 % və ya başqa cür desək, 1,14 ABŞ dolları/barel azalaraq 78,8 ABŞ dolları təşkil edib.
ABŞ-ın "West Texas Intermediate" (WTI) xam neft fyuçersləri 2,36 ABŞ dolları azalaraq 73,55 ABŞ dollara düşüb.
Cümə günü açıqlanan güclü istehlakçı xərcləri məlumatı daha sürətli genişlənmə tempinə qarşı bir nəticə göstərdiyi üçün FED-dən gözlənilən faiz dərəcələrinin azaldılması ilə bağlı qeyri-müəyyənlikləri də ağırlaşıb. Analitiklər hesab edirlər ki, aşağı faiz dərəcələri iqtisadi artımı və neftə tələbi artıra bilər.
Ötən həftəyə 79,65 ABŞ dolları səviyyəsində başlayan "Brent" nefti, 77,8 ABŞ dollara kimi ucuzlaşdı və həftəni 78,1 ABŞ dolları ilə başa vurdu.
XAU/USD
Artan təhlükəsizlik riskləri, siyasi və iqtisadi qeyri-sabitlik dövründə ənənəvi "güvənli liman" olaraq görülən qızıl artım tendensiyasını davam etdirir.
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik də qızılın bahalaşmasına səbəb olub. Bundan əlavə, ABŞ-ın faiz dərəcələrini aşağı salacağı gözləntiləri dollara təzyiq edərək, ABŞ valyutası ilə mənfi korellasiyaya malik olan qızılı daha cəlbedici edir.
Keçən həftəni 2 511 ABŞ dolları həddi ilə start verən qızıl həftə ərzində 2 529 ABŞ dollara kimi bahalaşdı. Burada "ayılar"ın müqaviməti qarşılaşaraq ucuzlaşan qiymətli metal həftəlik şamını 2 503 ABŞ dolları həddində bağladı. "Buğalar" qiyməti 2 500 ABŞ dolları həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin Tədris və Analiz Departamenti
"InvestAZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və"InvestAZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatları əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.