2021-ci ildə yeni əmələ gələn bazara malik, habelə inkişaf edən ölkələrdə ÜDM artımı 6,3 faiz (oktyabr proqnozuna nisbətən 0,3 faiz bəndi yüksək), 2022-ci ildə 5 faiz həcmində gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatında bildirilir.
“Bu qrupda 2021-ci ildə ən böyük ÜDM artımı – 11,5 faiz səviyyəsində Hindistanda gözlənilir. Çində ÜDM artımı 2021-ci ildə 8,1 faiz (oktyabr proqnozuna nisbətən 0,1 faiz bəndi aşağı), 2022-ci ildə 5,6 faiz təşkil edəcək. 2020-ci ildə Çində ÜDM artımı 2,3 faiz həcmində dəyərləndirilir”, –sənəddə qeyd olunub.
Bununla yanaşı, inkişaf etmiş ölkələrdə ÜDM artımı cari ildə orta hesabla 4,3 faiz (oktyabr proqnozuna nisbətən 0,4 faiz bəndi yüksək), 2022-ci ildə isə 3,1 faiz təşkil edəcəyi bildirilir. O cümlədən ABŞ iqtisadiyyatı 2020-ci ildə 3,4 faiz kiçildikdən sonra 2021-ci ildə 5.1 faiz (oktyabr proqnozuna nisbətən 2 faiz bəndi yüksək), 2022-ci ildə 2,5 faiz artacaq. Həm də cari ilin ikinci yarısında ABŞ və Yaponiyada işgüzar fəallığın böhrandan əvvəlki səviyyəyə yüksələcəyi də qeyd olunur. Avrozonada cari ildə ÜDM artımına dair proqnoz 5,2 faizdən 4,2 faizədək azaldılıb. 2020-ci ildə həmin regionda 7,2 faiz azalan ÜDM-nin 2022-ci ildə 3,6 faiz artacağı gözlənilir.
“İqtisadiyyatın dirçəlişi sürəti müxtəlif ölkələrdə pandemiyaya dair cari vəziyyətə və yerli iqtisadiyyatdakı fəsadlarına görə bir-birindən fərqli olacaq”, – hesabatda vurğulanıb.