"Azərbaycan Beynəlxalq Bankı"nın "Tech" Akademiyasının ilk buraxılışı olub
- 25 dekabr, 2019
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Beynəlxalq Bankının yaratdığı "IBA Tech" Akademiyasının ilk buraxılışı olub. Bu münasibətlə Bakı Konqres Mərkəzində “Məzun günü” mərasimi keçirilib və məzunlara müvəffəqiyyət sertifikatları təqdim olunub.
"Report" bu barədə banka istinadən xəbər verir.
Məlumata görə, akademiyanın sosial layihə kimi təşkil etdiyi ilk intensiv proqramlaşdırma kurslarında ümumən 90 tələbə ödənişsiz təhsil alaraq uğurla məzun olub. Onlardan 46 nəfəri "IBA Tech" Akademiyasını "Frontend", 44 nəfəri isə "Backend" ixtisası üzrə bitirib.
Mərasimdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın ölkəmizin biznes mühitində bir ilk olan bu sosial layihəsinin böyük ictimai rəğbətlə qarşılandığını bildirib: "Bu, onu göstərir ki, ölkəmizin bu günü və gələcəyi üçün faydalı bir işə başlaya bilmişik. Bundan böyük qürur duyuruq. Başlanğıc bizim üçün çox uğurlu olub. IBA Tech Akademiyası ilk çağırışından bu qədər istedadlı gəncimizi bir araya gətirib. Gələn ildən yeni proqramlarımızla öz missiyamıza davam edəcəyik. Məqsədimiz Azərbaycanın əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacların qarşılanmasına kömək göstərmək, ölkəmizin innovativ inkişafına dəstək olmaqdır".
Qeyd edək ki, layihənin icrasında Azərbaycan Beynəlxalq Bankına İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. IBA Tech Akademiyasının yeni qəbul proqramları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.